XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
21 Aprel, 2025
Ağdam rayonundan aşkarlanmış sikkə dəfinəsini təqdim edirik

1952-ci ildə Ağdam rayonunun Xındırıstan kəndi yaxınlığında arxeoloji əhəmiyyət daşıyan qiymətli bir tapıntı qeydə alınıb. Sözügedən əraziyə ezam olunan Azərbaycan Tarixi Muzeyinin əməkdaşları torpaq altından tapılmış saxsı küpün içərisindən 44 ədəd mis sikkə çıxarıb və həmin sikkələr həmin il muzeyin fonduna təhvil verilib. Aparılmış numizmatik araşdırmalar nəticəsində müəyyən olunub ki, 42 ədəd sikkə hicri 587–607-ci illərə (miladi 1191–1211) təsadüf edən dövrdə, Azərbaycan Atabəyləri dövlətinin hökmdarı Əbubəkr ibn Məhəmməd tərəfindən zərb edilib. Qalan 2 sikkə isə hicri 551–588 (miladi 1156–1192) illər arası hökmranlıq etmiş II Qılınc Arslan və hicri 595–600 (miladi 1198–1203)-cü illərdə hakimiyyətdə olmuş II Süleyman dövründə dövriyyəyə buraxılıb. Sikkələrin zərb edildiyi mərkəzlər sırasında Azərbaycanın Naxçıvan, Gəncə, Şəmkir, Beyləqan, Bərdə, Təbriz, Ərdəbil, Urmiya, Marağa, Səlmas, Həmədan və digər şəhərləri ilə yanaşı, Türkiyənin Konya, Kayseri, Aksaray kimi mühüm ticarət mərkəzləri də yer alır. Sikkələr üzərində ərəb qrafikalı yazılar – zərb tarixi və yeri, hökmdarın adı və titulu, dini ifadələrlə yanaşı bəzi hallarda simvolik təsvirlər – üçdişli yaba, atlı fiqurları əks olunub. Müxtəlif çəkiyə malik mis sikkələr dövriyyədə tələbatı qarşılamaq məqsədilə istifadə olunub. Xındırıstan sikkə dəfinəsi, hicri VI–VII əsrlərdə (miladi XII–XIII əsrlər) Azərbaycanın pul dövriyyəsi, iqtisadi əlaqələri və Azərbaycan–Türkiyə arasında ticarət münasibətlərinin tədqiqi baxımından mühüm elmi əhəmiyyət daşıyır. Qarabağın işğaldan azad olunmuş ərazilərində aparılan numizmatik araşdırmalar kontekstində bu tapıntı dəyərli və nadir nümunələrdən biri hesab olunur.