Avqustun 13-də mərhum tarixçi-alim, Əməkdar mədəniyyət işçisi, uzun illər AMEA Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri işləmiş Nərmin Abdulla qızı Tahirzadənin (1921-2012) anadan olmasının 100 illiyi tamam olur.
Nərmin xanım İstanbul şəhərində, Türkiyədə ali təhsil alan Azərbaycan Cümhuriyyəti tələbəsi Abdulla Tahirzadənin ailəsində dünyaya gəlmişdir. Valideynləri Bakıya qayıtdıqdan sonra Nərmin xanım orta məktəbi, daha sonra isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsini bitirmişdir. 1944-cü ildə ali təhsilini başa vuran N.Tahirzadə aspiranturaya daxil olmuş və həmin ildən etibarən ADU-da assistent, sonra isə müəllim vəzifəsində çalışmağa başlamışdır. 1953-cü ildə N.Tahirzadə dissertasiya işini uğurla müdafiə etmiş və tarix elmləri namizədi dərəcəsini almışdır.
1955-ci ildə Nərmin Tahirzadə Azərbaycan Tarixi Muzeyinə laborant vəzifəsinə qəbul olunmuş və özünün sonrakı elmi fəaliyyətini bütövlüklə bu elm ocağına bağlamışdır. Laborantdan Azərbaycanın yeni dövr tarixinin elmi ekspozisiyası şöbəsinin müdiri vəzifəsinə qədər yüksələn Nərmin xanım muzey ekspozisiyasının qurulmasında və təkmilləşdirilməsində, sərgilərin təşkilində, muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsində, Azərbaycan tarixinin təbliğində böyük rol oynamışdır.
N.Tahirzadənin elmi maraqları XIX-XX əsrin əvvəllərində Azərbaycan təhsilinin tarixi, milli ziyalıların formalaşması məsələlərini əhatə edirdi. Yüksək professionallıq, ilk mənbələrlə işləmək bacarığı, materialın anlaşıqlı təqdim olunması, səlislik Nərmin xanımın elmi əsərlərini səciyyələndirən xüsusiyyətlərdir. Məhz onun sayəsində tədqiqatçılar Azərbaycanın maarif tarixi ilə bağlı bu vaxtadək naməlum qalan bir çox faktlarla tanış oldular.
N.Tahirzadənin Azərbaycanın təhsil tarixi ilə bağlı yazdığı məqalələr toplu halında 2009-cu ildə rus dilində, 2015-ci ildə isə Azərbaycan dilində nəşr edilmişdir.