XƏBƏRLƏR
XƏBƏRLƏR -
Nəşrlər
16 Dekabr, 2021
Muzey əməkdaşının müəllifliyi ilə kitab-albom nəşr olunub

Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Laçın Mustafayevin müəllifliyi ilə “Azərbaycanın antik dövr keramikası. Oynoxoyyalar” adlı kitab – albomu işıq üzü görüb.

Kitab-albomda Qafqaz Albaniyasının eramızdan əvvəl I minilliyin ortalarından etibarən antik yunan mədəniyyəti ilə formalaşan münasibətlərindən və bu münasibətlər zəminində antik dünyanın maddi mədəniyyətimizin keramika sahəsinə olan təsirindən bəhs edilir ki, nəticə etibarı ilə Qafqaz Albaniyasının saxsı istehsalında antik mədəniyyətin keramika nümunələrinə bənzər oynoxoyya tipli qablar – şərab qabları istehsal edilir.

Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda qorunan oynoxoyya və bu tip qablardan ibarət zəngin kolleksiya materiallarının tədqiqata cəlb edilməsi zərurətini gündəmə gətirmiş və müxtəlif arxeoloji abidələrdən –  eramızdan əvvəl V-IV əsrlərdən başlayaraq orta əsrlərədək olan geniş zaman kəsiyində, Azərbaycanın Qəbələ, Şəmkir, Mingəçevir, Şamaxı, İsmayıllı, Ağsu və s. rayonlarında izlənilən antik və son antik-erkən orta əsrlərə aid arxeoloji abidələrindən –  əldə edilən faktlara əsasən oynoxoyyaların təyinatı, xarakter və xüsusiyyətləri, fərqli quruluşda müşahidə edilməsinin səbəbləri araşdırılmış və bu tip qabların Qafqaz Albaniyasının ərazisində yaranma və yayılması kimi nüansları yenidən nəzərdən keçirilərək daha dolğun elmi nəticələr əldə olunmuşdur. Eyni zamanda bu tip qabların antik dünya mədəniyyətinin əhatə etdiyi müxtəlif ölkələrə və coğrafi regionlara aid nümunələri ilə analogiyası aparılmışdır.

Mövzunun araşdırılması Qafqaz Albaniyasının maddi mədəniyyətinin, mədəni, iqtisadi, siyasi, ümumilikdə beynəlxalq münasibətlərinin, o cümlədən dövlətçilik tarixinin öyrənilməsində müstəsna əhəmiyyət kəsb edir.