31 yanvar 2022-ci il tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyində görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 138-ci ildönümü münasibətilə "M.Ə.Rəsulzadə ev-muzeyi" İctimai Qrupunun və Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə "I Beynəlxalq Rəsulzadə Qiraətləri. Məhəmməd Əmin Rəsulzadənin irsi müstəqillik, demokratiya və dövlətçilik dəyərləri sistemində" kitabının təqdimat mərasimi keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirlməsi ilə başladı və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri açıq elan edən Muzeyinin icraçı direktoru t.ü.f.d., dosent Fərhad Cabbarov elmi kitabın ərsəyə gəlməsində M.Ə.Rəsulzadə ev-muzeyi" İctimai Qrupuna öz təşəkkürünü bildirdi və qeyd etdi ki, M.Ə.Rəsulzadə mühacirətdə yaşayarlən xeyriyyəçi H.Z.Tağıyevin vəfatı ilə əlaqədar məqalə yazmışdı. Məqalədə M.Ə.Rəsulzadə H.Z.Tağıyevin xeyriyyəçilik və ictimai fəaliyyətini çox yüksək qiymətləndirmişdir. F.Cabbarov xüsusi olaraq vurğuladı ki, bizim üçün çox böyük fərəhdir ki, M.Ə.Rəsulzadənin həyat və fəaliyyətinə dair dərc olunmuş kitabın təqdimatı məhz H.Z.Tağıyevin ev-muzeyində qeyd olunur. Həmçinin tədqiqatçı-alim F.Cabbarov öz məqaləsinin də kitabda yer aldığını bildirdi (M.Ə.Rəsulzadənin Süleyman Təkinərə məktubları Azərbaycan mühacirət tarixinin öyrənilməsində mənbə kimi).
Daha sonra tədbirdə qonaqları salamlayan Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı qeyd etdiki, bu gün xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 138-ci ildönümüdür. Əminik ki, tədqiqatçılar üçün bu kitabın Rəsulzadə irsini, onun “döyüş yolunu” dərk etmək baxımından böyük rolu olacaq. Həmçinin N.Vəlixanlı bildirdi ki, müxtəlif dövrlərdə Muzeydə M.Ə.Rəsulzadəyə həsr olunmuş sərgi və tədbirlər, o cümlədən onun 130 illiyinə həsr olunmuş elmi-praktik konfrans da keçirilmişdir.
Daha sonra "M.Ə.Rəsulzadə Ev-Muzeyi" İctimai Qrupunun təşkilat komitəsinin rəhbəri, prof. Solmaz Rüstəmova-Tohidi "M.Ə.Rəsulzadə Ev-Muzeyi"nin yaradılması, irsinin qorunması, təbliği, mütəmadi olaraq beynəlxalq Rəsulzadə qiraətləri və s. tədbirlərin keçirilməsinin əhəmiyyəti mövzusunda ətraflı çıxış edərək, kitabın hazırlanmasında məqalə təqdim edən Rəsulzadə araşdırmaçılarına da öz minnətdarlığını bildirdi.
Daha sonra AMEA-nın vitse-prezidenti, akademik Gövhər Baxşəliyeva, filologiya elmləri doktoru Vilayət Quliyev, professor Hamlet İsaxanlı, Üzeyir Hacıbəyovun ev-muzeyinin direktoru Sərdar Fərəcov və digər tədbir iştirakçıları tədbirin əhəmiyyəti və M.Ə.Rəsulzadə barədə ətraflı çıxış edərək, kitabın tədqiqatçılar üçün əhəmiyyətli mənbə olacağını qeyd etdilər.
Qeyd edək ki, kitabda Azərbaycan , Türkiyə, ABŞ, Almaniya, Fransa, İran, İsveç, Polşa, Rusiya, Şimali Kipr Türk Respublikası, Ukrayna alim va tədqiqatçılarının elmi va publisistik maqalələri təqdim edilir. Həmçinin topluda Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı, t.ü.f.d. Əli Fərhadovun da məqaləsi yer alır (M.Ə.Rəsulzadənin yaradıcılığında dini-siyasi mövzulara baxış).
Kitab tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin redaktorluğu ilə nəşrə hazırlanmış və “Rəsulzadə ev muzeyi” İctimai Qrupu tərəfindən nəşr edilmişdir. Beş bölümündən ibarət olan kitabda “I Beynəlxalq Rəsulzadə Qiraətləri. Məhəmməd Əmin Rəsulzadənin irsi Müstəqillik, Demokratiya və Dövlətçilik dəyərləri sistemində” adı ilə iki ildən bir keçirilməsi nəzərdə tutulan beynəlxalq konfranslar silsiləsindən 2020-2022-ci illəri əhatə edən “I Beynəlxalq Rəsulzadə Qiraətləri”nin materialları toplanmışdır.