XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
08 Fevral, 2022
Muzey əməkdaşları beynəlxalq forumda iştirak ediblər

8 fevral 2022-ci il tarixində Rusiya Federasiyasının Xantı-Mansiysk şəhərində Geologiya, Neft və Qaz Muzeyinin təşkilatçılığı ilə  “Neft və qaz: irsin qorunmasında effektiv tərəfdaşlıq”  adlı Ümumrusiya Forumu keçirilmişdir. Forumun əsas məqsədi sənaye irsinin qorunmasına və mədəni, sosial-iqtisadi resurs kimi bu irsin dəyərinin formalaşmasına yönəlmiş layihələrin yaradılmasına kömək etməkdir.

Həm canlı, həm də onlayn formatda keçirilmiş forumda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru t.ü.f.d., dosent Fərhad Cabbarov və muzeyin baş mühafizi t.ü.f.d., dosent Məhfuzə Zeynalova iştirak ediblər. Həmçinin Forumda Rusiya Federasiyası regional hakimiyyət orqanları, neft-qaz şirkətləri, muzeyləri, ali məktəbləri, Rusiya Elmlər Akademiyasının müəssisələri və ictimai təşkilatlarının nümayəndələri də çıxış ediblər.

Muzeyin icraçı direktoru F.Cabbarov salamlama nitqində tədbirin təşkilatçılarına dəvət üçün öz minnətdarlığını bildirdi. Daha sonra Geologiya, Neft və Qaz Muzeyinin Milli Azərbaycan Tarixi Muzeyi ilə birgə əməkdaşlığını yüksək qiymətləndirdiyini qeyd etdi. Həmçinin  yaxın gələcəkdə bu əməkdaşlıq çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyində görkəmli Azərbaycan və Rusiya geoloqu, Sibir neft və qaz yataqlarını kəşf etmiş Fərman Salmanova həsr olunacaq “Fərman Salmanov. Neft-qaz kəşflərinin salnaməsi («Фарман Салманов. Хроника нефтегазовых открытий»)” adlı sərginin keçiriləcəyini də bildirdi. F.Cabbarov Milli Azərbaycan Tarixi Muzeyində neft tarixi ilə bağlı zəngin kolleksiyanın qorunduğunu da xüsusi vurğuladı. Sonda F.Cabbarov Forumun işinə uğurlar arzuladı.

Daha sonra  t.ü.f.d. M.Zeynalova “Azərbaycanın mədəni irsinin öyrənilməsi və qorunması  əsasında beynəlxalq layihələrin həyata keçirilməsi və təcrübəsi (neft sahibkarı və mesenat H.Z.Tağıyevin nümunəsində)” adlı məruzə ilə çıxış etdi. M.Zeynalova foto-slayd ilə müşayiət olunan məruzəsində mesenat-sahibkar H.Z.Tağıyevin həyat və fəaliyyətinin Azərbaycanın təhsili və mədəniyyəti sahəsində rolu haqqında ətraflı danışdı və bildirdi ki, Tağıyev həm də Bakı neftini Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan idi. M.Zeynalova Tağıyevin maarifçilik fəaliyyətini də vurğuladı. Qeyd etdi ki, neft sahəsindən əlavə ümumiyyətlə, H.Z.Tağıyevin maarifçilik və xeyriyyəçilik fəaliyyəti bir-biri ilə sıx bağlı idi və təkcə Bakı ilə məhdudlaşmırdı. O, Yelizavetpolda (Gəncədə), Şamaxıda, Naxçıvanda, Tiflisdə, Dərbənddə, İrəvanda, eləcə də Rusiyanın digər bölgələrində məktəblərin saxlanılması üçün vəsait sərf edirdi. M.Zeynalovanın məruzəsi böyük marağa səbəb oldu və tədbir iştirakçıları tərəfindən verilmiş suallar ətraflı cavablandırıldı.

Forum çərçivəsində  “Neft Atlası. Rusiyanın neft və qaz tarixinə dair oçerklər” adlı kitabın da təqdimatı oldu. Həmçinin onlayn formatda təqdim olunan “İntellekt mərkəzi” interaktiv muzey məkanının açılışını da  tədbir iştirakçıları maraqla izləyiblər.