XƏBƏRLƏR
XƏBƏRLƏR -
Elmi tədbirlər
22 Fevral, 2022
Muzeydə Xocalı faciəsinin 30-cu ildönümü qeyd olunub

22 fevral 2022-ci il tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə “Xocalı faciəsi - milli varlığımıza vurulan zərbə” adlı elmi-praktiki seminar keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Seminar elmi məruzələr və xatirə çıxışları olmaqla 2 hissəyə bölünmüşdü.

Tədbiri giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov açaraq, Xocalı faciəsi barədə məlumat verib və bu qətliamın Azərbaycan xalqının yaddaşında həkk olunduğunu qeyd edib. F.Cabbarov Xocalı həqiqətininin dünyada tanınması  və bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövlətinin bütün zəruri addımları atdığını vurğuladı. Bu faciənin yalnız Azərbaycan xalqına qarşı deyil, insanlığa, humanizmə qarşı törədilən cinayət olduğunu vurğuladı. Həmçinin F.Cabbarov bildirdi ki, tədbirdə iştirak edən Xocalı faciəsinin canlı şahidlərinin dilindən bu ağır faciəni eşitmək hamımız üçün çox vacibdir.

Sonra Xocalı Təhsil İdarəsinin sabiq müdiri, Xocalını son olaraq tərk edənlərdən biri - Şükürov Murad Əliş oğlu 30 il öncəki qanlı hadisələrlə bağlı acı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Çıxışının sonunda Murad Şükürov Xocalı ilə bağlı şəxsi əşyalarını Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verdi və qeyd etdi ki, bu gün xocalılar ölkəmizin müxtəlif bölgələrində məskunlaşıblar, amma hər birimizin məqsədi, arzusu doğma, azad torpaqlarımıza, Xocalıya qayıtmaqdır.

Daha sonra Muzeyin Arxeologiya Elmi Fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d Laçın Mustafayev “Xocalı abidələri bəşəriyyətin maddi-mədəni irsidir” adlı məruzəsində soyqırım faktının tək Azərbaycan mədəni-tarixi irsinə deyil, bəşəriyyətə vurulan bir zərbə olduğu diqqətə çatdırdı.

L.Mustafayevin çıxışından sonra Rusiya Federasiyasındakı Azərbaycan diasporası tərəfindən “Xocalını unutmayaq!” adlı videoçarx nümayiş edildi. Videoçarx izləndikdən sonra muzeyin “Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi” şöbəsinin elmi işçisi Musayeva Ləman “Xocalı dəhşətləri – Bəşəriyyətin mental sağlığına vurulan növbəti zərbə” adlı məruzəsi ilə foto-slaydla çıxış etdi.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinin II kurs magistr tələbəsi Aytac Rəhimova “Xocalı - gənclərin gözü ilə” adlı məruzəsində yeni fikirlər irəli sürdü. Elmi çıxışlardan sonra Xocalı haqqında “Müharibə uşaqları” filminin nümayişi oldu. Xatirə çıxışlarında sambo idman növü üzrə beynəlxalq dərəcəli idman ustası, “Qladiator” idman klubunun prezidenti Məmmədov Azad Əsgər oğlu, Milli Qəhrəman Tofiq Hüseynovun oğlu, Xocalı faciəsində hər 2 valideynini itirmiş 25 uşaqdan biri - Xocalı İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri  Hüseynov Murad, “Müharibə uşaqları” filminin operatoru  Nizami Abbas (“Xocalı və xocalıları əsirlikdən xilas etmiş Allahverdi Bağırov haqqında xatirələri”), II Dünya Müharibəsi zamanı bir çox yəhudi ailəsini faşist qırğınından xilas edən və alman generalını əsir alan zabit  Həmzə Sadıqovun oğlu Firdovsi Sadıqov (“İnsanlığın xilasına imza atmış azərbaycanlılar: Həmzə Sadıqov  və  Allahverdi Bağırov”; F.Sadıqov muzeyə atasının  şəxsi materiallarını təqdim edib) iştirak ediblər. Sonda ADPU-nun Tarix fakültəsinin II kurs tələbəsi, Tələbə Gənclər Təşkilatının sədr müavini - Təhmasib İmaməliyev  və həmin universitetin tələbəsi Mətanət Əliyeva (“Xocalı” şeiri) çıxış etdilər.

Tədbirin sonunda Seminar iştirakçıları muzey əməkdaşları ilə birgə Xocalı soyqırımı abidəsini ziyarət ediblər.

Azərbaycan tarixinin faciəvi səhifələrindən olan Xocalı qurbanlarının xatirəsi daim qəlblərdə yaşayacaq.