AMEA Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası əsasında "Üzeyir Hacıbəyli” adlı yeni kataloq (Bakı, “Təhsil”, 2021, 104 səh.) çap olunub.
Üzeyir Hacıbəyli – görkəmli bəstəkar, alim, şəxsiyyət. Bu böyük insanın həyat və yaradıcılıq salnaməsi onu XX əsrin sənət korifeylərindən biri və Azərbaycan professional musiqisinin banisi kimi şöhrətləndirmişdir.
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Üzeyir Hacıbəylinin xatirəsinə həsr etdiyi kataloq dahi bəstəkarı həm də dirijoru, yazıçı, alim, ustad-müəllim, librettoçu-dramaturq, publisist və felyetonçu kimi xarakterizə edir. Kataloq “Həyat” və “Yaradıcılığı” adlı bölmələrdən ibarətdir.
Kataloqda Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və Xatirə Əşyaları (HXƏF), Sənədli Mənbələr (SMF), Etnoqrafiya (EF), Təsviri Materiallar (TMF), Köməkçi Tarixi Fənn Materialları (KTFMF), Fotoneqativ Materialları (FMF) və Köməkçi Materiallar (KMF) fondlarında mühafizə olunan Üzeyir Hacıbəyli ilə əlaqədar 284 ədəd eksponat haqqında müfəssəl məlumat verilir.
Kataloq tərtib edilərkən əsərlərin yazılma tarixi əsas prinsip kimi qəbul edilmiş, eksponatların təsviri xronoloji qayda üzrə düzülmüş və müvafiq fondun inventar nömrəsi göstərilmişdir.