XƏBƏRLƏR
XƏBƏRLƏR -
Elmi tədbirlər
11 Mart, 2022
Muzeydə Alman tədqiqatçısı tərəfindən elmi seminar keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində “Müasir arxeoloji tədqiqatlar: qabaqcıl texnologiyalar və perspektivlər” adlı elmi seminar təşkil edilib. Seminar muzeyin Arxeologiya elmi fond şöbəsi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrası tərəfindən təşkil olunub. Tədbiri giriş sözü ilə muzeyin əməkdaşı və ADPU-nun müəllimi, t.ü.f.d. Laçın Mustafayev açdı. L.Mustafayev beynəlxalq əməkdaşlığa və arxeoloji tədqiqatlara həsr olunmuş tədbirin əhəmiyyətindən danışdı.

Elmi tədbir Almaniyanın Julius-Maximilians adına Würzburg Universitetinin Qədim Yaxın Şərq Arxeologiyası departamentinin əməkdaşı Prof. Dr. Martin Qruberin “On point Clouds, Real Time Kinematic and Structure from Motion in Archaeology (or the day the drawing pensil died)” adlı mühazirəsi ilə davam etdi (məruzəni tərcümə edən: muzeyin əməkdaşı Ayşən Hüseynova).  Almaniyalı mütəxəssis öz çıxışında arxeoloji kəşfiyyat və qazıntı prosesində istifadə olunan müasir texnologiyalar və tədqiqat üsulları, eləcə də ən son proqram təminatı haq­­­­qında geniş məlumat verib. Bu seminarda  muzey əməkdaşlarının, eləcə də ADPU-nun tələbə və magistrantların sualları mühazirəçi tərəfindən ətraflı cavablandırıldı.

Daha sonra Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlının, Arxeologiya Elmi Fond şöbəsinin müdiri t.ü.f.d., dosent Nasir Quluzadənin və ADPU-nun Ümumi tarix və TTT kafedrasının müdiri t.e.d., dosent Sevinc Əliyevanın çıxışları dinlənildi. Çıxışlarda qabaqcıl texnologiyaların Azərbaycan arxeologiyasında tətbiqinin əhəmiyyəti, maddi irsimizin beynəlxalq əməkdaşılıq çərçivəsində öyrənilməsinin zəruriliyi vurğulandı.

Tədbirin sonunda almaniyalı mütəxəssislə xatirə şəkilləri çəkildi.