AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə “Keçmiş məişətə səyahət” (Bakı, “Təhsil”, 2021, 96 s.) adlı yeni kataloqu işıq üzü görüb. Muzeyinin kolleksiyası əsasında hazırlanmış kataloqun elmi redaktoru: akademik Nailə Vəlixanlı, müəllifi: t.ü.f.d. Sevinc Nəsirovadır.
Kataloqda Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasındakı qurama məmulatları araşdırılmışdır. Muzeydə qorunan bəzi tikmə nümunələrinin üsulları tədqiqata cəlb olunsa da, qurama kolleksiyası kompleks şəkildə tədqiq olunmamış, bu haqda əhatəli elmi məqalə və kataloqlar hazırlanmamışdır. İlk dəfə hazırlanan bu kataloqda isə muzeyin qurama kolleksiyası tam şəkildə tədqiqat obyekti kimi araşdırılmış və kolleksiya əhatəli öyrənilmişdir. Muzeyin zəngin toxuculuq kolleksiyasına çox sayda qurama üsulu ilə bəzədilmiş məişət əşyaları daxildir. Etnoqrafiya fondunda mühafizə edilən 100-dən artıq qurama müxtəlif təyinatla istifadə olunmuşdur. Belə ki, kataloqda qazantutan, pərdə, yataq örtüyü, Quran boxçası, süfrə, örtük, pərdəbaşı və digər quramalara rast gəlmək olar. Əsasən ipək, məxmər və başqa parça nümunələrinin qarışığından hazırlanmış quramalar kolleksiyada üstünlük təşkil edir.
Kataloqun hazırlanmasında iştirak etdilər: Muzeyin Etnoqrafiya fondunun əməkdaşları- Mehriban Seyidzadə, Vəfa Həsənova
Dizayn: Aynurə İsmayılova
Fotoqraf: Mirnaib Həsənoğlu