AMEA Milli Azərbaycan Tarixi Muzeyində faşizm üzərində Qələbənin növbəti ildönümü ilə bağlı “Göyçə mahalı İkinci Dünya savaşında: həlak olanlar və itkin düşənlər” adlı kitabın (Bakı, “ABBA”, 2021, 784 səh.) təqdimat mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan muzeyin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov tədbirin əhəmiyyəti barədə ümumi məlumat verdikdən sonra qonaqları təqdim etmişdir.
Tədbirdə muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı, kitabın müəllifi, i.ü.f.d. Lütfiyar Nəsibov, tarixçi-alim İsmayıl Umudlu, müstəqil tədqiqatçı Araz Yaquboğlu, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, ADNSU-nun dosenti Yaqub Sərdarov, Bakı Neft Emalı Zavodunun mətbuu orqanının əməkdaşı Qurban Göyçəli və şair-publisist Qurban Əliyev çıxış etmişlər. Bu kimi tədqiqatıların gələcəkdə də davam etdirilməsinin tarixi və siyasi əhəmiyyətindən bəhs edən tədbir iştirakçıları belə çətin və məsul tədqiqatların aparılmasına görə müəllifə öz təşəkkürlərini bildirmişdilər.
Qeyd edək ki, kitabın yazılması zamanı Rusiya Federasıyasının Müdafiə Nazirliyinin arxiv materiallarından və internet resurslarından istifadə edilmişdir və kitabda İkinci Dünya Müharibəsi zamanı cəbhəyə yollanan Göyçə mahalının Basarkeçər, Çəmbərək, Aşağı Qaranlıq və Yeni Bayazid rayonları üzrə döyüş cəbhələrində, əsir düşərgələrində və hərbi qospitallarda həlak olmuş və itkin düşmüş azərbaycanlılara aid məlumatlar və arxiv sənədləri yer almışdır.
Sonda L.Nəsibov müəllifi olduğu kitabın təqdimat mərasiminə dəstək verdiyi üçün muzey rəhbərliyinə öz minnətdarlığını bildirib.