AMEA Milli Azərbaycan Tarixi Muzeyi və Yeni Azərbaycan Partiyası Səbayıl rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyevin Azərbaycanda maddi və milli-mənəvi dəyərlərin qorunmasında yeri və rolu” adlı elmi seminar keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra iştirakçılar ümummilli liderin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Müxtəlif ali təhsil müəssisələrinin müəllim və tələbə heyəti, muzey əməkdaşları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin Baş direktoru, akademik Nailə Vəlixanlı açdı. Qeyd etdi ki, dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti hər bir Azərbaycan övladı üçün örnəkdir və milli-mənəvi dəyərlərin təbliği üçün ən gözəl nümunədir.
Elmi seminar muzeyin Azərbaycan Tarixinin Elmi Tədqiqi və Təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Bəhmən Kərimovun - “Heydər Əliyev və muzeylərimiz”, muzeyin Arxeologiya Elmi Fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Nasir Quluzadənin - “Azərbaycanda tarixi abidələrin qorunmasında Heydər Əliyevin yeri və rolu”, muzeyin elmi işçisi Ləman Musayevanın - “Heydər Əliyev irsinin təbliğində gənclərimizin rolu”, muzeyin baş mütəxəssisi Pərvanə Əzimovanın “Heydər Əliyev və Azərbaycanın dövlət müstəqilliyi” adlı məruzələri ilə davam edib. Seminar iştirakçılarının məruzələri foto-slaydlarla müşaiət edilib.