Bu il 18 May Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” (Muzeylər ətrafımızdakı dünyanı dəyişmək gücünə malikdir) devizi altında keçirilib. Bu istiqamətdə ICOM (Beynəlxalq Muzeylər Şurası) muzeylərin öz icmalarında müsbət dəyişikliklərin həyata keçirilməsi üçün onların potensialını üç nöqteyi-nəzərdən öyrənməyə çalışır:
- Dayanıqlılığa nail olmaq gücü: Muzeylər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində strateji tərəfdaşıdır. Onlar öz yerli icmalarında aparıcı rola malik fiqurlar kimi müxtəlif məqsədlərə, o cümlədən sosialyönümlü iqtisadiyyatın inkişafı və ekoloji problemlər barədə elmi məlumatların yayılmasına öz töhfələrini verirlər.
- Rəqəmsallaşdırma və əlçatanalıqda innovasiyaların gücü: Muzeylər yeni texnologiyaların işlənib hazırlandığı və gündəlik həyatda tətbiq edildiyi innovativ oyun meydançalarına çevrilib. Rəqəmsal innovasiyalar ziyarətçilərə mürəkkəb anlayışları və onların nüanslarını anlamaqda yardımçı olmaqla muzeyləri onlar üçün daha əlçatan və cəlbedici edə bilər.
- Təhsil vasitəsilə icma qurmaq gücü: Kolleksiyalar və proqramları sayəsində muzeylər icma qurmaq üçün zəruri sosial struktur yaradır. Demokratik dəyərləri dəstəkləyərək hər kəsə həyatı boyu öyrənmək və yeniliklərlə tanış olmaq imkanı yaradan muzeylər məlumatlı və maraqlanan vətəndaş cəmiyyətinin formalaşmasına kömək edir.
Bu gün Milli Azərbaycan Tarixi Muzeyi müasir cəmiyyətin siyasi, sosial və mədəni həyatında fəal iştirakı ilə öz rolunu əhəmiyyətli dərəcədə yüksəldir. Eyni zamanda “Muzey içində muzey” olan Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi də özünəməxsus həm xarici, həm də daxili memarlıq üslubu ilə yaradıcı insanlar üçün ilham mənbəyi olur.
Belə ki, 18 may 2022-ci il tarixində Beynəlxalq Muzeylər Günü ilə əlaqədar mədəni-maarif və elmi-tədqiqat mərkəzi olan Milli Azərbaycan Tarixi Muzeyində Beynəlxalq Muzeylər Şurasının təklif etdiyi 3-cü bəndə əsasən “Muzeyin SABAH-ı” adlı layihə çərçivəsində tədbir keçirildi.
Layihənin iştirakçıları Azərbaycan Rəssamlıq Akademiyasının dekorativ tətbiqi sənət və dizayn ixtisasları üzrətəhsil alan və təhsildə göstəriciləri ilə fərqlənən “SABAH” qruplarının tələbələri idilər.
Layihənin məqsədi tələbələrin Muzeyin kolleksiyası və binanın möhtəşəm interyerindən ilhamlanaraq öz potensiallarını nümayiş etdirmələri üçün şərait yaratmaq, onların mənəvi zövqünün formalaşmasında önəmli rol oynamaq və muzeyin yaradıcı gənclərlə əməkdaşlığını genişləndirmək idi.
İştirakçılar həmin gün ərzində canlı şəkildə muzeyin müəyyən olunmuş zallarında ixtisaslarına uyğun olaraq təsviri incəsənət sahələri üzrə əl işlərini hazırlayıblar. Beynəlxalq Muzeylər Günü muzeyin ziyarətçiləri yaradıcılıq prosesinin əvvəldən sona qədər şahidi olublar.
Sonda layihənin kuratoru, muzeyin əməkdaşı Zümrüd İsmayılova tərəfindən gənc rəssamlar Təşəkkürnamə ilə təltif olundular.