XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
24 May, 2022
ABŞ arxeoloqları Milli Azərbaycan Tarixi Muzeyində olublar

Milli Azərbaycan Tarixi Muzeyi hər zaman əcnəbi mütəxəssislər üçün maraqlı məkanlardan sayılır. Belə ki, burada Azərbaycanın qədim tarixini və mədəniyyətini özündə əks etdirən çoxsaylı kolleksiyalar qorunur, tədqiq edilir və sərgilənir.

Qeyd edək ki, kolleksiyaların öyrənilməsi və zənginləşməsi işində xarici mütəxəssislərin də böyük rolu var. Bu gün həmin mütəxəssislərin bir qrupu Milli Azərbaycan Tarixi Muzeyində olublar.

Görüşdə muzeyin Baş direktoru, akademik Nailə Vəlixanlı, icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d. Elvin Əliyev, ABŞ Arxeoloqlar qrupunun rəhbəri, Dr. Loren Ristfet, muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri t.ü.f.d., dosent Nasir Quluzadə və şöbənin əməkdaşı Aslan Qasımov  iştirak ediblər.

Akademik N.Vəlixanlı qonaqlara muzeyin tarixi, arxeoloji kolleksiyası və irsinin qorunması, tədqiqi və təbliğindəki rolu haqqında geniş məlumat verib.

Sonra Dr. Loren Ristfet Azərbaycana, eləcə də muzeyə təşrif buyurmalarının səbəbini açıqlayaraq, rəhbəri olduğu heyətin yerli arxeoloqlarla birgə beynəlxalq ekspedisiyanın tərkibində Naxçıvan ərazisindəki son tunc-erkən dəmir dövrü abidələrin öyrənilməsində yaxından iştirak edəcəyini  bildirib.

Həmçinin görüş zamanı qeyd olunan beynəlxalq ekspedisiya nəticəsində vaxtilə tapılan bəzi maddi nümunələrin hazırda muzeyin arxeoloji kolleksiyasında qorunduğu xüsusi vurğulanıb.

Xoş və səmimi mühitdə keçən görüş muzeyin əməkdaşı Ayşən Hüseynovanın müşayiəti ilə xarici arxeoloqların muzeydə nümayiş olunan “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərgi ilə tanışlığından sonra yekunlaşıb.