XƏBƏRLƏR
XƏBƏRLƏR -
Elmi tədbirlər
26 May, 2022
Muzeydə Azərbaycan Xalq Cümhuriyyətinin 104-cü ildönümünə həsr olunmuş elmi seminar keçirildi

26 may 2022-ci il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 104-cü ildönümünə həsr olunmuş elmi seminar keçirildi.

Seminarda Milli Azərbaycan Tarixi Muzeyinin Baş direktoru, akademik Nailə Vəlixanlı, icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov, professor Solmaz Rüstəmova-Tohidi, elmi ictimaiyyət nümayəndələri və tələbələr iştirak etdilər.

Azərbaycan Respublikası Dövlət himninin səslənməsi ilə başlanan tədbiri muzeyin icraçı direktoru F.Cabbarov açdı.

Daha sonra prof. Solmaz Rüstəmova-Tohidi "Cümhuriyyətin "Azərbaycan" adlandırılması və onun tarixi əhəmiyyəti" adlı məruzə ilə ətraflı çıxış etdi.

Tarixi faktlara əsaslanan fotoslaydla çıxış edən S.Tohidi Cümhuriyyətin yaradılmasının Azərbaycan tarixində çox mühüm hadisə olduğunu bildirib. Seminarda 1918-ci ildə Şimali Azərbaycanın tarixi ərazilərində yaradılan yeni müstəqil milli dövlətin "Azərbaycan” adlandırılması və bu hadisənin bir sıra xarici qüvvələr və ölkələr tərəfindən birmənalı qarşılanmaması kimi məsələlərə toxunulub.

Qeyd edək ki, S.Tohidinin müxtəlif ölkələrin dövri mətbuatı, arxiv sənədləri, elmi tədqiqat əsərləri daxil olmaqla geniş mənbələr əsasında yazılmış eyni adlı ("Cümhuriyyətin "Azərbaycan" adlandırılması və onun tarixi əhəmiyyəti" Bakı, "Təhsil", 2021, 304 səh.) monoqrafiyasında "Azərbaycan" kəlməsinin hələ XIX əsrin sonları XX əsrin əvvəllərində milli ruhlu Azərbaycan ziyalıları tərəfindən Cənubi Qafqazın türkdilli mətbuatında və Azərbaycan ədəbiyyatında dövriyyəyə gətirildiyi, sonrakı mərhələlərdə Azərbaycan ictimai-siyasi fikrində və Azərbaycan xalqının şüurunda təsbit olunduğu və 1918-ci ildə yaradılan dövlətin məhz tarixi-milli zəmində "Azərbaycan” adlandırıldığı göstərilir. 

Tədqiqatçı alimin məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sonda akademik Nailə Vəlixanlı Solmaz Rüstəmova-Tohidiyə çıxışına görə təşəkkür edərək Fəxri fərman təqdim edib.