XƏBƏRLƏR
XƏBƏRLƏR -
Elmi tədbirlər
13 İyun, 2022
Muzeydə Ağsu şəhidlərinə həsr olunmuş kitab-albomun təqdimatı keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində "Ağsu Şəhidləri. Zəfər Qəhrəmanları" adlı kitab-albomun təqdimatı keçirilib. Kitab-albomda Ağsu rayonunun 44 günlük Vətən müharibəsində şəhid olmuş Zəfər qəhrəmanlarının tərcümeyi-halları iki dildə (Azərbaycan və ingilis) tərtib edilib. Əsərdə onların mülki və hərbi fəaliyyətlərinə dair fotolar öz əksini tapıb.

Təqdimat mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mərasimi giriş sözü ilə "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, t.ü.f.d. Fariz Xəlilli açıb. O, Milli Azərbaycan Tarixi Muzeyinin rəhbərliyinə, akademik Nailə Vəlixanlıya təqdimat mərasiminin keçirilməsi üçün yaradılan şəraitə görə minnətdarlıq edib.

Muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov muzeydə yaradılmış Vətən Müharibəsi fondu və şəhidlərə həsr edilmiş 2 sərgi,  tədbirlər barədə ətraflı məlumat verib. Həmçinin bu istiqamətdə işlərin davam etdiriləcəyini və Vətən Müharibəsinin iştirakçıları haqqında (MATM materialları əsasında) nəşrlərin hazırlanacağını da bildirib. F.Cabbarov öz çıxışında Ağsu şəhidlərinə həsr olunmuş kitab-albomun elmi araşdrımalar üçün mənbə kimi əhəmiyyətini də vurğulayıb.

Millət Vəkili Tahir Kərimli 44 günlük Vətən Müharibəsində qələbənin qazanılmasında şəhidlərimizin, qazilərimizin misilsiz qəhrəmanlığından danışıb. Kitab-albomun tədqiqatçılar üçün yaxşı bir vəsait olacağını da qeyd edib.

Muzeyin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov isə şəhidlərimizin fondda qorunan şəxsi əşyaları barədə məlumat verib. O, həmçinin materialların mütəmadi olaraq  muzeyin rəsmi saytında işıqlandırılmasından danışıb.

Daha sonra şəhid ailələrinə söz verilib. Tədbirin sonunda şəhid ailələri Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi ilə tanış olublar.