XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
08 İyul, 2022
Muzey əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

7-8 iyul 2022-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə “Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı” mövzusunda II beynəlxalq konfrans keçirilib.

Tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq,  konfransın əhəmiyyətindən danışıb. Akademik İ.Hacıyev çıxışında qeyd edib ki, konfransın keçirilməsində əsas məqsəd Naxçıvanın tarixi keçmişi, mədəniyyəti, təbii ehtiyatları və müasir inkişafının ən aktual problemləri ilə bağlı aparılan əsaslı tədqiqatların beynəlxalq səviyyədə təqdim olunması, yeni araşdırmaların təhlil və müzakirə olunmasıdır.

Plenar iclasda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Baş direktoru, akademik Nailə Vəlixanlı iştirakçıları salamlayaraq, onlara uğurlar arzulayıb. Akademik N.Vəlixanlı “Atabəy Şəmsəddin Eldənizin Azərbaycanın cənub-qərb bölgəsində siyasi vəziyyəti dəyişdirən fəaliyyətinə dair” adlı məruzəsində Atabəylər dövləti və Şəmsəddin Eldənizin ölkədə apardığı siyasətinə dair bir sıra məsələ və problemlərə toxunub. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Milli Azərbaycan Tarixi Muzeyinin İcraçı direktoru, t.ü.f.d. Fərhad Cabbarov “Naxçıvanda ilk erməni-azərbaycanlı münaqişəsi (1905-1906-cı illər)” adlı məruzəsi ilə çıxış edib. Tədqiqatçı alim F.Cabbarov çıxışında Naxçıvanda ilk erməni-azərbaycanlı münaqişəsinin necə baş verdiyi, iki xalq arasında ədavətin necə qızışdırıldığı haqqında ətraflı məlumat verib.

Daha sonra muzeyin Baş mühafizi, t.ü.f.d. Məhfuzə Zeynalova “Qırmızı terrorun qurbanlarından olan dövlət xadimi və görkəmli maarifçi Həmid ağa Şahtaxtinski”, muzeyin Arxeologiya Elmi Fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Nasir Quluzadə “2020-ci ildə Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilmiş Naxçıvan arxeoloji tapıntılarının əhəmiyyəti”, muzeyin Bərpa laboratoriyasının müdiri, t.ü.f.d., dosent Afət Rüstəmbəyova “Золотое украшения из Шахтахты и его культурно-исторический контекст (эпоха средней бронзы)” adlı məruzələri ilə ətraflı çıxış ediblər.

İki gün davam edən konfrans ənənəvi və onlayn qaydada keçirilib.