Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədovanın “Şəddadilər dövrünün unikal numizmatik faktları – Gəncə gümüş dirhəmləri (son numizmatik tədqiqatlara əsasən)” məqaləsi AMEA Gəncə bölməsinin “Xəbərlər” toplusunda (“İctimai və humanitar” elmlər seriyası, Gəncə: N 1 (2), 2022) çap olunub (s. 22 - 27).
Məqalədə ilk dəfə olaraq AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunan nadir sikkə - hicri 401 = 1010-1011-ci ilin Gəncə gümüş dirhəminin fotosu təqdim edilib (NF 28974; 2,6 q) və bir sıra numizmatik faktlara və yeni tapıntılara əsasən X – XI əsrlərdə Gəncədə zərb edilən gümüş dirhəmlər barədə ətraflı məlumat verilib.
Həmçinin muzeyin digər əməkdaşları- Etnoqrafiya elmi-fond şöbəsinin elmi işçisi Nurəngiz Qarayevanın “Azərbaycan filmlərində İslamla bağlı bəzi ənənələr haqqında” və Sənədli Mənbələr Elmi Fond şöbəsinin böyük laborantı Nərmin Nəzərovanın “Burjuaziya milli oyanışın yeni mərhələsində (XX əsrin əvvəlləri)” adlı məqalələri də sözü gedən jurnalda nəşr edilib. Məqalələr milli tariximizdə aktuallıq kəsb edən məsələlərin tədqiqinə həsr edilib.