XƏBƏRLƏR
XƏBƏRLƏR -
Nəşrlər
26 Sentyabr, 2022
Muzeydə “Silahın mistik gözəlliyi” adlı kataloqun təqdimat mərasimi keçiriləcək

Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və Bayraqlar fondunda qorunan müdafiə, soyuq və odlu silahlar Azərbaycan xalqının şanlı hərb tarixini əks etdirməklə yanaşı, sənətkarlığın silahsazlıq sahəsinin yüksək inkişafını nümayiş etdirir. Bu silahlar, həmçinin, yüksək zövqlə hazırlanmış incəsənət əsərləridir. Hazırda fondun materialları əsasında muzeydə nümayiş olunan "Silahın mistik gözəlliyi (Milli Azərbaycan Tarixi Muzeyində XVI-XIX əsrlər Azərbaycan silahı)" adlı sərgidə Azərbaycan silahları sənətkarlıq və incəsənət nümunələri kimi təqdim edilir. Muzeyin Elmi Ekspozisiya və Sərgilərin Təşkili şöbəsinin müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədov tərəfindən sözügedən sərgidə nümayiş olunan materiallar əsasında ilk dəfə olaraq, ətraflı şəkildə, elmi əsaslarla eyni adlı kataloq işıq üzü görüb. 300-dən artıq fotoşəkillərlə zənginləşdirilmiş, nəfis tərtibatda çap olunan bu kataloqda XVI-XIX əsr Azərbaycan silahlarının növləri, təyinatı, xüsusiyyətləri haqqında geniş məlumat verilib. Həmçinin, silahların ümumi görünüşü ilə yanaşı, onların dekorativ tərtibatına da diqqət yetirilib.

"Silahın mistik gözəlliyi” adlı kataloqun təqdimat mərasiminin oktyabr ayının əvvəllərində keçirilməsi nəzərdə tutulub.