Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Ömər Faiq Nemanzadənin 150 illik yubileyinə dair tədbirlər planı çərçivəsində muzeydə “Azərbaycanda dini vəhdət və milli din anlayışı: Əl-Bakuvi və Ö.F.Nemanzadə nümunəsi" mövzusunda elmi seminar keçirilib.
Elmi seminar Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra tədbiri giriş sözü ilə açan, muzeyin Azərbaycan Tarixinin Elmi Tədqiqi və Təqdimi şöbəsinin müdiri, t.e.d. Nərgiz Əliyeva qonaqları salamlayıb. N.Əliyeva 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə iştirakçıları təbrik edib. Sonra Ö.F.Nemanzadənin yubileyinə dair Prezidentin Sərəncamı haqqında məlumat verib, mütəfəkkirin həyat və yaradıcılığı barədə və onun irsinin muzeydə qorunub təbliğ etməsi mövzusunda danışıb.
Daha sonra muzeyin Azərbaycan Tarixinin Elmi Tədqiqi və Təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadov “Azərbaycanda dini vəhdət və milli din anlayışı: Əl-Bakuvi və Ö.F.Nemanzadə nümunəsi" mövzusunda məruzə ilə çıxış edərək islamda dini vəhdət, Quran təfsirçisi M.K.əl-Bakuvinin “Kəşfül-həqayiq” adlı Azərbaycan dilində təfsiri, Ö.F.Nemanzadənin publisistikası, “Molla Nəsrəddin” və s. mətbu orqanlardakı məqalələri, bu əsərlərdə dini vəhdət və dinə milli baxış mövzuları haqqında məlumat verib.
Sonra Bakı Slavyan Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının müdiri, professor Habil Məmmədov, BDU-nun dosenti Azər Cəfərov mövzunun əhəmiyyəti və adları qeyd olunan mütəfəkkirlərin təbliğinin əhəmiyyəti barədə danışıblar. Elmi seminar sual-cavabla yekunlaşıb.
Tədbirdə muzey əməkdaşları, Azərbaycan Universitetinin magistr pilləsi üzrə tələbələri, Bakı Slavyan Universitetinin Humanitar və sosial elmlər üzrə bakalavr tələbələri, Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bakalavr pilləsi üzrə tələbələri, dini icmaların nümayəndələri iştirak ediblər.