XƏBƏRLƏR
XƏBƏRLƏR -
Nəşrlər
09 Fevral, 2023
Muzeyin yeni kataloqu işıq üzü görüb

“Milli Azərbaycan Tarixi Muzeyinin Qələmkar kolleksiyası” adlı yeni kataloq işıq üzü görüb (Bakı: “Təhsil”, 2022, 72 səh.). Kataloqun elmi redaktoru muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı, müəllifi isə muzeyin elmi katibi, t.ü.f.d. Sevinc Nəsirovadır.

Milli Azərbaycan Tarixi Muzeyinin qələmkar məmulatı və onların bədii tərtibatı haqqında məlumatların əks olunduğu kataloqda qeyd olunur ki, muzeyin etnoqrafik kolleksiyası qələmkar parçalardan hazırlanmış yerli va xarici istehsal, əl əməyi, göz nuru, rəsm və nəqş ustalarının mahir əlləri ilə ərsəyə gəlmiş və vaxtilə Azərbaycan məişətində istifadə olunmuş əşyalarla zəngindir. Muzeyin zəngin kolleksiyasında mühafizə olunan bu qələmkarlar öz rəng ahəngi, naxış elementləri və təsvirləri baxımından olduqca maraqlıdır. Fondda qorunan qələmkarlar süjetli ve ornamental naxışlarla bəzədilib. Qələmkarların əsas bəzək elementləri isə butalardır.

Müasir dövrdə olduğu kimi, azərbaycanlıların keçmiş ev səhmanında da evi müxtəlif məişət əşyaları ilə bəzəmək dəb olmuşdur. Zaman-zaman üslub dəyişsə də, Şərq evlərinin ənənəvi olaraq, məişət əşyaları ilə bəzədilməsi hələ də davam etməkdədir. Yaxın keçmişə nəzər salsaq, belə bəzəmə üsullarından birinin də divarlara ya xalça, ya da divar bəzəklərinin asılması olduğunu görə bilirik. Muzey kolleksiyasında həm texnikası, həm də süjeti baxımından çox əhəmiyyətli qələmkar divar bəzəkləri də mühafizə olunur. Divar bəzəklərinin bəziləri üzərində Səfəvi hökmdarlarının ziyafət məclisi, ov mərasimi kimi səhnələr təsvir edilib.

Kataloqda yer alan XIX-XX əsrlərə məxsus bir çox qələmkar məmulatı həm Azərbaycan, həm də Şərq ölkələrinin sənətkarlıq tarixinin tədqiqi üçün mühüm mənbədir.