Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Milli Azərbaycan Tarixi Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 2 may 2023-cü il tarixində “Heydər Əliyev və Azərbaycan muzeyləri” mövzusunda respublika elmi konfransı keçirilib.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin, bir sıra mədəni müəssisələrin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Ulu öndər Heydər Əliyevin Azərbaycanın şanlı tarixinə yazılmış fəaliyyətlərindən danışdı.
Konfrans “1969-1982-ci illərdə Azərbaycanda muzey işinin inkişafında yeni mərhələnin başlanğıcı”, “Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda muzey işi sahəsində yeni addımlar”, “Heydər Əliyev və Azərbaycanın tarixi-mədəni irsinin qorunması, öyrənilməsi, təbliğ”, “XXI əsr Azərbaycanda muzey işinin inkişafında yeni mərhələdir” bölmələri üzrə iştirakçıların məruzələri ilə davam edib. Məruzələr maraqla qarşılanıb və mövzular ətrafında müzakirələr edilib.
Konfrans materialları nəşr olunacaq.