XƏBƏRLƏR
XƏBƏRLƏR -
Nəşrlər
12 Mart, 2024
Muzeyin təkəlduz tikmələri kolleksiyası əsasında hazırlanmış yeni kataloqunu təqdim edirik

“Milli Azərbaycan Tarixi Muzeyinin təkəlduz tikmələri kolleksiyası” adlı yeni kataloq işıq üzü görüb (Bakı: Aspoliqraf, 2023, 80səh). Kataloqun elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, müəllifi t.ü.f.d, dos. Sevinc Nəsirovadır.
Muzeyin etnoqrafiya fondunda qorunan unikal eksponatları əsasında hazırlanmış kataloqda təkəlduz tikmələri (geyimlər, yəhərüstülər, lampaaltılar, balışüzləri, süfrə və örtüklər) təqdim olunub. “Təkəlduz”- hərfi mənada “tək əllə düz”mək sözündən yaranmışdır. Azərbaycanda bu tikmə növünün tarixi olduqca qədimdir. Təkəlduz tikmə üçün “yerlik” məqsədi ilə birrəng (yekrəng) məxmər, qanovuz, darayi və.s kimi ipək parçalardan istifadə edilirdi. Azərbaycanın müxtəlif bölgələrində XIX əsrdə təkəlduz üsulundan istifadə etməklə müxtəlif məişət əşyaları, divar çəkiləri, geyimlər bəzədilirdi. Təkəlduz tikmələrdə motiv olaraq daha çox nar, müxtəlif quşlar və nəbati naxışlardan istifadə olunurdu.
Kataloqda muzeyin etnoqrafik kolleksiyasında təkəlduz tikmə üsulu ilə bəzədilmiş balış, mütəkkə və nazbalıncüzləri, geyim nümunələri, örtük, canamaz, yəhərüstü və digər bəzək nümunələri, həmçinin tikmə kolleksiyası ilə yanaşı tikmənin icra olunduğu zaman istifadə olunan alətlər təqdim olunub. Kataloqda həmçinin, sənətkarların, tikmə ustalarının özləri tərəfindən muzeyə hədiyyə edilmiş əl işləri, tikmələri də yer alıb.