Azərbaycanın ilk peşəkar arxeoloqu, ilk muzeyşünası, etnoqraf və coğrafiyaşünası, görkəmli alim Davud bəy Şərifovun anadan olmasından 140 il ötür. Davud bəy Şərifov 1923-1928-ci illərdə Azərbaycan Dövlət Muzeyinin direktoru vəzifəsində çalışıb (indiki Milli Azərbaycan Tarixi Muzeyi). Onun rəhbərliyi dövründə muzeyin elmi və ekspozisiya fəaliyyəti genişlənib, fondların sistemli şəkildə formalaşdırılması və yeni eksponatların toplanması istiqamətində mühüm işlər görülüb.
Eyni zamanda, muzeyin Kitabxanasının zənginləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. O, həmin dövrdə müttəfiq respublikaların mədəni-maarif müəssisələri ilə əlaqələrin qurulmasına təşəbbüs göstərib və nəticədə muzey əməkdaşları Kitabxananın komplektləşdirilməsi işinə fəal şəkildə cəlb olunublar.
Davud bəy Şərifovun Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin dəstəyi ilə Şəki qəzası və Qəbələdə apardığı arxeoloji qazıntıların nəticələri “Крестьянская усадьба 3 и 4 районов Нухинского уезда”, “Раскопки в Ялойлу-Тапа”, “Обследование развалин Кабалы” və “Некоторые памятники искусства и древности Нухинского уезда” adlı əsərlərdə öz əksini tapıb. Onun elmi irsi və muzey işinə verdiyi töhfələr sonrakı illərdə də yüksək qiymətləndirilib.
Qeyd edək ki, 2016-cı ildə Davud bəy Şərifovun anadan olmasının 130 illiyinə həsr olunan kitab- albom nəşr edilib. Kitabın elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, müəllifləri- muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri, professor Nərgiz Əliyeva, Arxeologiya elmi fond şöbəsinin müdiri t.ü.f.d., dosent Nasir Quluzadə, həmin şöbənin elmi işçisi t.ü.f.d. Emin Məmmədovdur.
Kitab-albomda Davud bəy Şərifovun həyat və elmi fəaliyyəti, həmçinin zəngin fotoarxiv materialları yer alır.
Alimin əsərləri hazırda Milli Azərbaycan Tarixi Muzeyinin Kitabxanasında qorunur və tədqiqatçılar üçün mühüm mənbə sayılır.