Mayın 16-da AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Dost ellərinin hədiyyələri” sərgisinin təntənəli açılışı olmuşdur. Sərgidə 74 ölkə və bölgəni təmsil edən 600-dən artıq nadir eksponat – Azərbaycanın dövlət müəssisələri və görkəmli şəxsiyyətlərinə olunan hədiyyələr nümayiş olunmuşdur. Muzeydə belə bir sərgi ilk dəfədir təşkil edilir.
Ümumiyyətlə, hazırda Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında xarici ölkələrin 800-dən artıq eksponatı qorunmaqdadır.
Ən birinci hədiyyə 1944-cü ilə aiddir və Təbriz azərbaycanlılarının o vaxtkı Azərbaycan SSR-ə hədiyyəsidir. Ən çox hədiyyə (105 ədəd) Rusiya Federasiyası nın müxtəlif bölgələri tərəfindən təqdim edilmişdir. Eksponatlar sırasında bütün qitələrdən – Avropa, Asiya, Afrika, Cənubi və Şimali Amerika, Avstraliyadan olan hədiyyələr yer almışdır. Sərgidə ən şimal ölkə Norveçdən, ən cənub ölkə Argentina və Braziliyaya qədər, ən soyuq bölgə Rusiyanın Tümen vilayətindən, ən isti ölkə Seneqala qədər, ən yaxın ölkə Gürcüstandan, ən uzaq Yaponiya və Kanadaya qədər olan xalqların hədiyyələrini görmək mümkündür.
Sərgidə siyasi xarakterli hədiyyələrlə bərabər, idman, mədəniyyət, sənaye yönümlü hədiyyələr də yer almışdır. Ekspozisiyada alban, bolqar, Çex, Qana, monqol, özbək, rumın, türkmən milli geyimləri sərgilənir. Eyni zamanda, sərgidə əfqan, Belarus, rumın, İran, Mali, Misir, Moldova, kabardin-balkar, tacik, türkmən xalçaları nümayiş etdirilir. Nadir hədiyyələr arasında rus, qazax, Kuba, Hindistan, Çin, Seneqal, özbək musiqi alətləri də təqdim olunur. Ekspozisiyada, həmçinin Rusiya Federasiyanın Prezidenti Vladimir Putinin, Türkmənistan Prezidenti Qurbanqulu Berdımuxammedovun, İndoneziya parlamentinin spikeri Marzuki Alienin, keşmiş ölkə rəhbərləri Meksika Birləşmiş Ştatlarının Prezidenti X.Lopesin, Misir Ərəb Respublikasının Prezidenti Camal Əbdül Nasirin, İran şahı Məhəmməd Rza Pəhləvinin, İndoneziyanın Baş naziri Sukarnonun, Əfqanıstan şahı Məhəmməd Zahirin, eləcə də Türkiyə Prezidenti Turqut Özalın xanımı Səmra Özalın hədiyyələri nümayiş edilir. Ekspozisiyada tamaşaçılar unikal eksponatlarla tanış olmaq imkanı qazanmışdılar: italyan partizanlarının həbsxanada çörəkdən düzəltdikləri suvenir gül çələngini, Almaniyanı iki hissəyə ayıran divar parçasından külqabını, ABŞ-ın ilk kosmonavtı Staffordun imzası ilə fotoşəkli, Qazaxıstandan qədim türk oyunu “9 kumalak”ı, Yaponiyadan samuray dəbilqəsini, Seneqaldan yay-ox və maskaları, Rusiyanın ilk sökülüb- yığılan velosipedini, Özbəkistanın nadir keramikasını, Çexiyanın nadir büllur qablarını, Tbilisinin fəxri vətəndaşının medalını, 1887-ci ildə buraxılmış ABŞ dollarını, İran sədəflərini, Hindistan musiqi alətlərini, Belarusun Brest qalasının müqəddəs torpağını, Baltikyanı ölkələrin rəssamlarının rəsm əsərlərini, 1924-cü il Braziliya pulunu, Çin keramika fiqurlarını, Əfqanıstandan mərmər masanı, fin bıçağını, İraq gümüş suvenirlərini, Kuba konyak dəstini, monqol ağac oyuncaqlarını, Myanma fiqurlarını, Ukrayna tikmələrini və s. görə biləcəklər.
Sərgi sentyabrın 1-dək davam edəcəkdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.