II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sarvan kənd tam orta məktəbində və Bakı şəhəri Səbail rayonu Rəfail Hüseynov adına 49 nömrəli məktəb-liseydə təhsil alıb. 2012-ci ildə Ukraynanın Xarkov Dövlət Ticarət və Qida Sənayesi İnstitutunda ali təhsil alıb, 2017-ci ildə Vətənə qayıtmışdır. Hərbi xidmətini 2017-2018-ci illərdə cəbhə istiqamətinin N saylı hərbi hissəsində keçmiş T.Əzizli nümunəvi xidmətinə görə fəxri fərmanlarla təltif olunmuşdur. 2020-ci il 21 sentyabrda Azərbaycan Respublikası Yasamal rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təlim məqsədilə ordu sıralarına könüllü yollanmışdır. 27 sentyabrda başlayan Vətən müharibəsinin ilk günündən Füzuli rayonunun Qaraxanbəyli, Seyidəhmədli kəndləri istiqamətində döyüşlərə qatılmış, Füzuli rayonu Ələsgərli kəndi istiqamətində şücaət göstərmişdir. 28 oktyabr tarixində 3 döyüş yoldaşıyla birgə düşmən postuna basqın təşkil edərək postu və düşmənin çox sayda canlı qüvvəsini məhv etməklə düşmənə məxsus 4 avtomobil və xeyli silah-sursat ələ keçirmişdir. Bundan sonra o, döyüş yolunu Cəbrayıl-Hadrut istiqamətində davam etdirmiş, Füzulidən Şuşayadək şanlı döyüş yolu keçmiş, 29 oktyabr - 9 noyabr tarixlərində Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına iştirak etmiş və 9 noyabrda Şuşada şəhidlik zirvəsinə ucalmışdır. Qanı və canı bahasına 44 günlük Vətən müharibəsində iştirak etmiş T.Əzizlinin cəsarətindən və qorxmazlığından döyüş yoldaşları fəxrlə danışır. Şəhid Tacəddin Əzizli 2020-ci il, 14 noyabrda doğma kəndi Sarvanda dəfn olunmuşdur. Qəhrəman və cəsur şəhidimiz ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda“ və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Şəhidin şəxsi əşyaları Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Nigar Əhmədli tərəfindən muzeyə təqdim olunub.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.