XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 Fevral, 2021
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-də Prezident İlham Əliyev görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, "Azərbaycanlı olduğunu fəxrlə bildirən və ürəyi daim doğma Vətəni ilə bir döyünən Lütfi Zadə elm və texnologiyaların inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Dostluq” ordeninə layiq görülmüşdür". Riyaziyyatçı, kompüter alimi, elektrik mühəndisi, süni zəka araşdırmaçısı, professor Lütfəli Rəhim oğlu Ələsgərzadə (1921-2017) Bakıda doğulub. 1942-ci ildə Tehran Universitetindən məzun olub və bir il sonra ABŞ-a gedib. Kolumbiya Universitetində elektrik mühəndisliyi üzrə doktorluq dərəcəsi alıb, burada və Kaliforniyadakı Berkeley Universitetində professor olaraq dərs deyib. Onu məşhurlaşdıran qeyri-səlis məntiq nəzəriyyəsini isə 1973-cü ildə irəli sürüb. O, elm aləmində ən çox qeyri-səlis riyaziyyatın, qeyri-səlis əlaqəli məfhumlardan ibarət olmasını irəli sürməsi ilə tanınıb, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi olub. Lütfi Zadə AMEA-nın fəxri (xarici) üzvü olmuşdur. Milli Azərbaycan Tarixi Muzeyində də Lütfi Zadə irsi təbliğ edilir. Muzeyin fond müdiri, dosent Nardanə Yusifova I Beynəlxalq Təsəvvüf Araşdırmaları Simpoziumunda (Nevşehir, 8-13 sentyabr 2019) "Nəsimi yaradıcılığına riyazi məntiqi yanaşma” adlı məruzə ilə çıxış etmiş və İmadəddin Nəsiminin yaradıcılığına Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi ilə riyazi məntiqi yanaşma məruzədə təqdim edilmişdir. N.Yusifovaya görə, ilk dəfə dünyada Lütfi Zadə hər şeyin dərəcəsinin olduğunu sübut etdi. Yəni dünyada qəti olaraq tam ağ və qəti olaraq tam qara deyilən şey yoxdur. Bu iki məfhum arasında minlərlə çalar dəyişikliyi - aralıq nüanslar var. Aristotelin kəskinliyini Lütfi Zadə yumşaltdı. Başqa sözlə desək, həqiqətdə mövcud olan aralıq kateqoriyaları aşkarladı. Nəzəriyyənin mahiyyəti o qədər böyükdür ki, onu Nəsimi yaradıcılığına sərbəst şamil edə bilərik. Lütfi Zadə nəzəriyyəsini ilk dəfə Nəsimi yaradıcılığına tətbiq etməklə, qısaca, qeyri səlis məntiq, qəti olmayan və bütün sahələrdə istifadə olunan məntiqdir kimi verə bilirik. Gündəlik həyatda qarşımıza çıxan məntiq, hər gün ifadə etdiyimiz hər bir şey, qeyri-səlis formaya malikdir. Məsələn, isti, soyuq, gənc, qoca, uzun, qısa və s. kimi sözlər, dəqiq bir biçimdə yox, çox vaxt qeyri-müəyyən olaraq işlədilir. Yəni çox qoca, çox gənc ya da çox isti və ya çox soyuq kimi. İnsanın dəqiqlik ifadə etməyən vəziyyətlərdə apardığı analiz, verdiyi qeyri-səlis qərarlar bu nəzəriyyənin tətbiqinin əsas hissəsidir. Lütfi Zadə qeyd edirdi ki, qeyri-səlis çoxluqlar qeyri-səlis sistemin əsas prinsipidir. Yəni klassik məntiq iki səlis sistemdən; doğru-yanlış, 1 və ya 0 və s., qeyri-səlis məntiq isə 1 və 0 arasında dəyişən qeyri-səlis çoxluqlardan ibarətdir. N.Yusifovaya görə, Lütfi Zadənin bu nəzəriyyəsini Nəsiminin bütün yaradıcılığına şamil etmək olar. Qeyd edək ki, Lütfi Zadə 2008-ci ildə Muzeyimizi ziyarət etmişdir.