I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur. 1980-1990-cı illərdə Ağasəf Qayıblı adına Nərimankənd kənd orta məktəbində təhsil almışdır. Məktəbli ikən ictimai fəallığı ilə seçilmiş, məktəbin ədəbi-bədii tədbirlərində yaxından iştirak etmiş və 1988-ci ildə hələ 15 yaşında ikən Azərbaycan xalqının apardığı azadlıq uğrunda mübarizəyə qoşulmuşdur. 1990-cı ildə məktəbi əla qiymətlərlə bitirmişdir. Filoloq olmaq istəyirdi... İ.Nəsimi, M.Füzuli, M.Müşfiq, Ə.Vahid, M.Araz, X.Rza ən çox mütaliə etdiyi şairlər idi. Geniş dünyagörüşə sahib Malik həm də çox böyük kitab həvəskarı idi. Olduqca gənc yaşlarında Azərbaycan və dünya ədəbiyyatından seçmələrin, eləcə də ən müxtəlif mövzularda kitabların toplandığı zəngin kitabxana yaratmışdı. Malik onu tanıyanların yaddaşında səmimiliyi, təvazökarlığı, yüksək vətənpərvərliyi ilə qalmışdır. 1992-ci ildə hərbi xidmətə başlayan Malik Səlimli həmin il may ayından Qarabağda gedən döyüşlərə qatılmış və yüksək ruhla torpaqlarımızın azad edilməsi uğrunda savaşda iştirak etmişdir. Ağdam ətrafında Canyataq və Gülyataq kəndlərinin azad edilməsi istiqamətində gedən mübarizədə igidliklə vuruşmuşdur. 1992-ci ilin 25 sentyabrında Fərrux yüksəkliyinin alınması uğrunda gedən döyüşlərdə erməni snayperinin açdığı güllə ilə qolundan ağır yaralanmış və sentyabrın 30-da gözlərini həyata əbədi olaraq yummuşdur. Ömrünün son saatlarında qardaşından M.Arazın şeirlər kitabını istəmiş və "Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim" misralarını pıçıldamışdır... Malik Səlimlinin torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüş yolundan bəhs edən gündəliyi əsgər yoldaşı tərəfindən tapılmış və ailəsinə təhvil verilmişdir. Bu gün Qobustan şəhər Mədəniyyət Evi şəhid Malik Səlimlinin adını daşıyır.