XƏBƏRLƏR
03 Fevral, 2021
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonra yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bir çox ağır və kəskin problemlərlə qarşılaşdı. Yeni yaranmış hökümət ilk dövrlərdə yalnız mərkəzdə öz dövlətçiliyini möhkəmləndirməyə imkan tapdığından və bir sıra regionlarla hərtərəfli əlaqələr saxlamağın qeyri-mümkünlüyü, kifayət qədər hərbi qüvvəyə malik olmadığından, Qarabağ və Zəngəzur bögələrində erməni separatçılığının qarşısını almaqda çətinlik çəkirdi. Nəticədə həmin bölgələrdə yaşayan ermənilərin separatçılıq meylləri daşnak təbliğatının qüvvətlənməsi nəticəsində daha məqsədəyğun xarakter almış, onlar təcrid olunmağa və özlərinin xüsusi inzibati vahidlərini yaratmaq istiqamətində fəal işə başlamışdılar.
Erməni Milli şurasının Azərbaycan höküməti əleyhinə fəaliyyətinin yeni mərhələsi 1919-cı ilin yanvarında, Qarabağ-qeneral qubernatorluğunun yaradılması və fəaliyyət dövrünə təsədüf edir. Azərbaycan hökümətinin ölkənin ərazi bütövlüyünün qorunub saxlanması məqsədilə 1919-cı ilin yanvarın 15-də Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən Qarabağ general-qubernatorluğunun yaradılması xüsusi olaraq qeyd olunmalıdır. Əslində, bununla çar Rusiyası dövründə onun tərkibində olan və müxtəlif inzibati bölgülər nəticəsində tarixi inzibati-siyasi mənasını itirmiş «Qarabağ» anlayışı, AXC dövründə (1918-1920) əvvəlki mənasını yenidən özünə qaytardı.
1919-cu il yanvarın 15-də Milli Şuranın növbəti iclasında qəzalara müvəqqəti general-qubernatoru vəzifəsi əslən Qarabağdan olan, bu əraziyə və onun əhalisinə yaxşı bələd olan Azərbaycan Cümhuriyyətinin ilk yaradıcılarından və onun birinci hökumətində hərbi nazir olmuş Xosrov bəy Sultanov təyin edildi.
Xosrov bəy Sultanov (1879-1943) 1879-cu ilin may ayında Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin, Qasımuşağı obasının Qurddağı kəndində (indiki Laçın rayonu) anadan olmuşdur. O, Odessada (Novorossiysk) Universitetinin tibb fakultəsində təhsil almışdır.
1918-ci ilin mayın 27-də Azərbaycan Milli Şurasının üzvü seçilib. Həmin ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi bəyannaməsinə imza edənlərdən biri də X.Sultanov olub. Mayın 28-də Baş Nazir Fətəli Xan Xoyskinin formalaşdırdığı ilk hökumət kabinəsində X.Sultanov hərbi nazir vəzifəsinə təyin edilib. Azərbaycan hökumətinin ikinci və üçüncü kabinələrdə isə o, Əmək naziri vəzifəsini yerinə yetirmişdir.
Qeyd edək ki, Xosrov bəyin Qarabağın general-qubernatoru vəzifəsinə təyinatını ermənilər istəmirdi. Onun qardaşı Sultan bəy Sultanovun da ermənilərə qarşı mübarizə apardığını bilirdilər. Ona görə də erməni mətbuatı və Xarici İşlər Nazirliyi bir çox dövlətlərə müraciət edib öz narahatlıqlarını bildirirdilər. Hətta, onlar Qarabağ qubernatorluğunun ləğv olunması üçün xarici havadarlarından kömək istəyirdilər. Bununla əlaqədar AXC-nin Xarici İşlər Nazirliyi bir neçə nota vermiş və Qarabağın, Zəngəzur qəzasının qədim Azərbaycan-türk torpağı olduğunu bildirmişlər. 3 aprel 1919-cu il tarixində tarixi həqiqətlər qarşısında aciz qalan ingilis komandanlığı bəyanat verərək Andranikin qoşunlarının buradan çıxarılmalı olduğunu və Xosrov bəyin Qarabağın general-qubernatorluğunu qəbul etdiklərini bildirmişlər.
X.Sultanov 1919-cu ilin fevralında Şuşaya gələrək, vəzifəsinin icrasına başladı. Azərbaycan Hökumətinin qəti addımlarından narahat olan Ermənistan belə bir şəraitdə Dağlıq Qarabağa açıq iddia ilə çıxış etdi. Ararat Respublikasının etirazına, ingilis və amerikanlarla gərgin münasibətlərə baxmayaraq, Qarabağda qarşıya qoyulan vəzifələrin həlli sahəsində mühüm işlər görüldü. Ermənilər isə Qarabağda etnik təmizləmə siyasətini davam etdirməyə cəhd göstərir, Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarında Azərbaycanlılara qarşı aramsız olaraq qırğınlar törədirdilər. General-qubernator X.Sultanov separatçılara qarşı qətiyyətlə mübarizə aparmışdır.
X.Sultanov general-qubernator vəzifəsinə başlayanda bölgədə acınacaqlı durum var idi. Onun 1919-cu ilin fevralın 15, 16, və 17-də qəza rəisləri və ictimai xadimlərinin iştirakı ilə keçirdiyi ümumbölgə müşavirəsində məlum olurdu ki, indiyədək Zəngəzurda 166 kənd dağıdılmış, onların əhalisinin 30 faizi məhv edilmişdi. Bu müşavirədə Andronikin silahlı dəstəsinin bölgədən çıxarılması qəti olaraq qərara alındı.
Həmin dövrdə, 1919-cu ildə keçirilən Novruz bayramında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəranı zəbt etmişlər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən may ayının 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa düşməndən geri alınmışdı.
X.Sultanovun başçılığı ilə keçirilən digər əməliyyatda isə (1919-cu ilin iyununda) Şuşaya gizli yolla silah aparan erməni milli Şurasının üzvləri həbs edilərək Qarabağ ərazisindən çıxarılmışdı.
X.Sultanov Qarabağda daşnak Andronik başda olmaqla erməni quldur dəstələrilə amansız mübarizəyə başladı, təhlükəli yerlərdə milli ordunun əsgərlərindən ibarət mühafızə dəstəsi yaratdı, Erməni Milli Şurası üzvlərinin Azərbaycandan çıxarılmasına nail oldu. Azərbaycan Hökumətinin hərbi və diplomatik tədbirləri nəticəsində martın axırlarında - apreldə ermənilərin Qarabağdakı düşmənçilik fəaliyyətinin qarşısı alındı. Qarabağda hadisələrin bu yöndə inkişafında Azərbaycan Xalq Cümhuriyyətinə qarşı təcavüzkarlıq planlarını həyata keçirməyə hazırlaşan Sovet Rusiyası və bolşeviklərin ölkə daxilində apardığı pozuçuluq-təxribatçılıq işləri də mühüm rol oynadı. Aprel işğalı (1920) və Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qarabağ general-qubernatorluğunun fəaliyyətinə də son qoyuldu.
Həmin ilin sentyabrında Azərbaycan hökuməti burada yaşayan ermənilərə mədəni muxtariyyət verdi. Xosrov bəy Sultanov Aprel işğalından sonra mühacirətdə yaşamış, "İttihad" partiyasının liderlərindən biri kimi partiyanın xarici ölkələr bürosunu formalaşdırmağa və ittihadçıları bir təşkilat ətrafında cəmləşdirməyə çalışmışdır.
X.Sultanov 1920-ci ilin 27 aprelində Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra Türkiyəyə getmiş, çətin mühacirət həyatı yaşamışdır. O, Azərbaycanın azadlığı mübarizəsini Türkiyədən başqa İranda, Fransada, Almaniyada davam etdirmişdir. O, 1926-cı ildə Parisdən İrana gedərək, burada İttihadın Tehran və Təbriz komitələrini yaratmışdı.
1936-cı ildə Türkiyəyə qayıtmış və Trabzonda, İstanbulda yaşamışdır. 1943-cü ildə, yanvar ayının 7-də dünyasını dəyişmişdir. Məzarı İstanbulun "Fəriköy" qəbirstanlığındadır.
Milli mənəvi dəyərlərimizin qoruyucusu olan Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda Xosrov bəy Sultanovun foto-şəkli qorunur. Qrup halında olan şəkildə AXC qurucularının da şəkli əks olunub. Bundan başqa fondda AXC parlamenti bitərəflər fraksiyasının bəyanatı mühafizə olunur, hansı ki bu sənəddə Xosrov bəy Sultanovun da imzası var.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Muzeydə görkəmli maarifçi Ceyhun Hacıbəyliyə məxsus materiallar qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda və Xəritələr sektorunda C.Hacıbəyliyə məxsus (inv. 2535-2546, inv. 93) maraqlı materiallar...