XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
27 May, 2014
İstiqlal Bəyannaməsinin Azərbaycan və fransız dillərində nüsxələri təqdim edilmişdir

Mayın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın istiqlaliyyətini rəsmən bütün dünyaya çatdıran qiymətli sənədin – İstiqlal Bəyannaməsinin Azərbaycan və fransız dillərində nüsxələrinin ictimaiyyətə təqdim olunması mərasimi keçirilmişdir.


Tədbirdə Milli Məclisin deputatları, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA institutlarının direktorları, arxiv və muzey direktorları, elm, mədəniyyət və ictimaiyyətin nümayəndələri, KİV təmsilçiləri iştirak etmişlər.

Təqdimat mərasimində muzeyin direktoru, akademik Nailə Vəlixanlı Prezident İlham Əliyevin tapşırığı ilə xarici ölkələrdə tariximizlə bağlı vacib sənədlərin axtarılması, əldə edilməsi və Bakıya gətirilməsi işinin davamlı olaraq həyata keçirildiyini bildirmişdir. Diqqətə çatdırmışdır ki, bu günlərdə dövlətimizin başçısı böyük tarixi əhəmiyyətə malik İstiqlal Bəyannaməsinin Azərbaycan və fransız dillərində orijinal nüsxələrini AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə etmişdir.
N.Vəlixanlı vurğulamışdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) İstiqlal Bəyannaməsi 1918-ci il mayın 28-də qəbul edilmişdir. Birinci Dünya müharibəsinin sonunda, 1919-cu ildə sülh müqavilələrinin bağlanması və yeni dünya xəritəsinin formalaşması üçün Parisdə Sülh Konfransı çağırılmışdır. AXC-nin xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Parisə yollanan nümayəndə heyətinin məqsədi Azərbaycanın gənc müstəqil dövlət kimi de-fakto tanınmasına nail olmaq idi. Nümayəndə heyəti özü ilə əsas sənəd kimi İstiqlal Bəyannaməsinin Azərbaycan dilində əski əlifba ilə yazılmış nüsxəsini və fransız dilinə tərcümə olunmuş variantını da aparmışdı. Görülmüş işlər nəticəsində 1920-ci il yanvarın 11-də Parisdə Sülh Konfransının Ali Şurası Azərbaycanı müstəqil dövlət kimi de-fakto tanımışdır. Lakin az sonra Azərbaycan işğala məruz qalaraq müstəqilliyini itirdiyi üçün nümayəndə heyəti ölkəmizə qayıda bilməmiş, sənədlər isə itmişdi.

Tariximiz, dövlətçiliyimiz üçün böyük əhəmiyyət kəsb edən bu sənədlər, nəhayət, Vətənə gətirilmiş, Prezident İlham Əliyevin tapşırığı ilə ekspozisiyada nümayiş olunmaq üçün AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilmişdir.
N.Vəlixanlı Azərbaycanın istiqlaliyyətini rəsmən elan edən sənədin muzeyin ekspozisiyasında xüsusi yeri olduğunu, milli mənəvi əhəmiyyət daşıdığını vurğulamış, bu dəyərli eksponatın muzeyə verilməsinə görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli qeyd etmişdir ki, geniş ictimaiyyətə təqdim olunan İstiqlal Bəyannaməsi ötən əsrin əvvəllərində Azərbaycan dövlətinin milli varlığını bütün dünyaya bəyan etmiş mühüm və dəyərli sənəddir. Təqdimatın 28 May – Respublika Günü ərəfəsində keçirilməsi özlüyündə rəmzi məna daşıyır. İ.Həbibbəyli belə dəyərli sənədin ölkəyə gətirilməsinə göstərdiyi köməyə görə elmi ictimaiyyət adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva müstəqilliyimizin bərpasından keçən dövrdə ölkəmizin qazandığı uğurlardan, müxtəlif sahələrin sürətli inkişafından və əldə olunan nailiyyətlərdən söz açmışlar.
Tariximizlə, dövlətçiliyimizlə bağlı olan mühüm sənədlərin xarici ölkələrdən tapılaraq respublikamıza gətirilməsini müstəqilliyimizin bəhrələrindən hesab edən natiqlər Azərbaycan rəhbərliyinin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirmiş, təqdim olunan sənədin ölkəmiz üçün əhəmiyyətindən danışmışlar. Natiqlər AXC-nin tarixinin ilk dəfə araşdırılmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ulu Öndərin 1998-ci ildə imzaladığı müvafiq Sərəncamdan sonra bu sahədə böyük işlər görüldüyünü vurğulamış, İstiqlal Bəyannaməsinin orijinal nüsxələrinin Azərbaycana gətirilməsini həmin işlərin davamı hesab etmişlər. Tariximizə aid digər sənədlərin də xarici ölkələrin arxivlərindən, muzeylərdən tapılaraq respublikamıza gətirilməsinin vacibliyi vurğulanmışdır.

 

Tədbirin fotoşəkilləri ilə saytın “Fotoqalereya” bölümündə tanış olmaq olar.