XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
29 May, 2014
Muzeydə Qarabağ həqiqətləri və Xocalı soyqırımı haqqında iki kitabın təqdimatı keçirilmişdir

Qarabağ həqiqətləri və Xocalı soyqırımı haqqında iki kitabın təqdimatıMayın 29-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) ingilis və rus dillərində nəşr etdirdiyi “Khojaly Witness of a war crime – Armenia in the Dock” (“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə”) və “Karabax. İstoriya v kontekste konflikta” (“Qarabağ. Münaqişə kontekstində tarix”) kitablarının təqdimat mərasimi keçirilmişdir.


Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə TEAS-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Taleh Bağıyev yeni çapdan çıxmış nəşrlərin Azərbaycanın haqq işinin dünyada daha geniş şəkildə təbliği baxımından böyük əhəmiyyət daşıdığını vurğulamışdır. Diqqətə çatdırılmışdır ki, hər iki layihənin rəhbəri Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərovdur.

Tədbirdə TEAS-ın sədri Tale Heydərov çıxış edərək bildirmişdir ki, Londonun “Garnet” nəşriyyatının mətbəəsində çapdan çıxmış “Khojaly Witness of a war crime – Armenia in the Dock” kitabı (tərtibçilər: İen Pört, Fiona Maklaxlan) 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımını ilkin mənbələrə əsasən sənədləşdirən və Qərbdə ingilis dilində işıq üzü görən ilk nəşrdir. Bu nəşr Xocalı qətliamı zamanı sağ qalmış insanlardan Qərb müəllifləri tərəfindən müsahibə yolu ilə alınmış şahid ifadələrinin ilk toplusudur. Kitabda Qərb və Rusiya mediasında Xocalı soyqırımı ilə əlaqədar çap olunmuş məqalələr, həmçinin elmi araşdırmalar yer almışdır. Beynəlxalq insan hüquqları təşkilatlarının Xocalı qətliamına dair hesabatları topluda tam şəkildə dərc olunmuşdur. Xarici fotomüxbirlər Viktoriya İvlevanın, Frederik Lenqaiqnin, David Brauxlinin, Klaus Reysingerin, Lin Heng Shingin və George de Kerlinin çəkdikləri nadir fotoşəkillər də kitabda xüsusi yer tutur.

“Qarabax. İstoriya v kontekste konflikta” adlı məqalələr toplusu Sankt-Peterburqdakı “Vestnik” nəşriyyatının mətbəəsində nəfis şəkildə çap olunmuşdur. Qarabağşünaslıq üçün böyük əhəmiyyəti olan bu toplu “Ön söz”, 18 məqalə, müəlliflər haqqında məlumat, coğrafi, siyasi və inzibati adlar göstəricisindən ibarətdir. Məqalələr toplusu bu sahədə mühüm yenilik hesab edilə bilər. Kitaba məqalələri daxil edilmiş Azərbaycan, ABŞ, Böyük Britaniya və Yunanıstandan olan tədqiqatçılar öz sahələri üzrə tanınmış mütəxəssislərdir.

Tale Heydərov bildirmişdir ki, bu kitablar gələcəkdə digər Avropa xalqlarının dillərinə də tərcümə ediləcəkdir.

Mərasimdə çıxış edən “Khojaly Witness of a war crime – Armenia in the Dock” kitabının tərtibçisi İen Pört demişdir ki, Xocalı faciəsinin əsl şahidləri ilə danışıb həqiqəti insanlara çatdırmağa çalışdıq. Dünya Xocalıda baş verən XX əsrin ən böyük faciəsinin əsl mahiyyətini anlamalıdır. İen Pört demişdir ki, bizi narahat edən məsələlərdən biri də BMT-nin və digər beynəlxalq təşkilatların Azərbaycanın haqq işini dəstəkləyən qətnamələrinin hələ də yerinə yetirilməməsidir.

Xocalı hadisələrini lentə almış fotoqraf xanım Frederik Lenqaiqn və Klaus Reysinger təqdimat mərasimində çıxış edərək 1992-ci ilin fevralında Ağdamda, Xocalıda gördükləri o dəhşətli anlardan və çəkdikləri şəkillərlə dünyanın diqqətini bu münaqişənin ədalətli həllinə yönəltmələrindən danışmışlar.

Mərasimə yekun vuran Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov demişdir ki, bu gün çox mühüm bir hadisənin iştirakçısıyıq. Kitabın təqdimatının Milli Azərbaycan Tarixi Muzeyində keçirilməsini yüksək qiymətləndirən N.Məmmədov demişdir ki, bunun özü də olduqca yaxşı bir hadisədir.

Avropa Azərbaycan Cəmiyyətinin çox iş gördüyünü bildirən N.Məmmədov demişdir: “XXI əsrin əvvəllərində yaşasaq da, bu gün beynəlxalq münasibətlərdə ən çox ehtiyac duyulan bir şey varsa, o da ədalətdir. Çox məşhur filosofun belə bir fikri var: “Tarix insan təfəkkürünün və fəaliyyətinin ən təhlükəli məhsuludur”. Bu gün müxtəlif ölkələrin tarixinə nəzər saldıqda, çox təəssüflər ki, bu fikrin müəyyən mənada həqiqət olduğunu görürük”.

Mərasimdə bir daha vurğulanmışdır ki, Avropa Azərbaycan Cəmiyyəti bundan sonra da ölkəmizin haqq işinin dünyada təbliği istiqamətində mühüm layihələrə imza atacaqdır.

Qarabağ həqiqətləri və Xocalı soyqırımı haqqında iki kitabın təqdimatı Qarabağ həqiqətləri və Xocalı soyqırımı haqqında iki kitabın təqdimatı Qarabağ həqiqətləri və Xocalı soyqırımı haqqında iki kitabın təqdimatı