İyunun 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə “Birinci Dünya müharibəsi və Azərbaycan” mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir.
Konfransın açılışında Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Yaqub Mahmudov müxtəlif ölkələrdən olan alimlərin iştirakı ilə Bakıda keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, I Dünya müharibəsinin başlanmasının 100 illiyinə həsr olunmuş konfransın məqsədi Azərbaycanın və digər qonşu regionların tarixinin yenidən araşdırılması və olduğu kimi yazılmasıdır. Plenar iclasda AMEA-nın Tarix İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru İradə Bağırova, Türkiyənin Atatürk Araşdırma Mərkəzinin direktoru, professor Məhmət Əli Beyhan və başqaları çıxış edərək I Dünya müharibəsi dövründə baş vermiş soyqırımı hadisələrindən danışmışlar.
Daha sonra konfransın işi üç bölmədə davam etmişdir. Bölmə iclaslarında Azərbaycan ilə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Fransa, Mərkəzi Asiya dövlətləri və digər ölkələrdən tanınmış tarixçi alimlər mövzuya dair məruzələrlə çıxış etmişlər.
Konfransın 2-ci bölməsində Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı t.ü.f.d. Səbuhi Əhmədov “Tatar (Azərbaycan) atlı alayının şəxsi heyəti” mövzusunda məruzə ilə çıxış etmişdir.
Konfransın tarixi əhəmiyyətini vurğulayan natiqlər tarixin qaranlıq səhifələrinin üzə çıxarılmasında bu cür tədbirlərin tez-tez keçirilməsinin zəruriliyini qeyd etmişlər.
Konfransın materialları müvafiq toplu şəklində çap olunmuşdur.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.