XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
08 İyul, 2014
Muzeyin direktoru akademik Nailə Vəlixanlı “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda beynəlxalq konfransda iştirak edib

İyulun 4-də Muzeyin direktoru akademik Nailə Vəlixanlı AMEA Naxçıvan Bölməsində muxtar respublikanın 90 illik yubileyinə həsr olunmuş “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” adlı beynəlxalq konfransda iştirak edib.


Konfransın plenar iclasında Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisinin sədri Vasif Talıbov giriş nitqi ilə çıxış edərək bildirib ki, muxtar respublikanın yubileyi ilə əlaqədar tədbirlərin davamı kimi keçirilən beynəlxalq konfrans mühüm əhəmiyyətə malikdir. V.Talıbov Naxçıvanın muxtariyyətini möhkəmləndirən mühüm faktorlardan biri kimi sosial-iqtisadi inkişafı qeyd edib.

AMEA prezidenti, akademik Akif Əlizadə Prezident İlham Əliyevin Sərəncamı ilə qeyd olunan yubiley tədbirlərinin milli dövlətçilik təfəkkürünün, ərazi bütövlüyü düşüncəsinin daha da möhkəmləndirilməsinə xidmət edən dövlət siyasətinin göstəricisi olduğunu söyləyib. Akademik Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin, ictimai-siyasi fikrin inkişafında bu diyarın mühüm xidmətlərindən bəhs edib.

Konfransda Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev,  Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsamyıl Hacıyev və digər tanınmış elm adamları, həmçinin Türkiyə, Rusiya və ABŞ-dan qonaqlar da çıxış ediblər. İ.Hacıyev bildirib ki, bu gün muxtar respublikanın bütün dövlət proqramları və infrastruktur layihələrini uğurla həyata keçirməsi ölkədə dinamik inkişafa, irimiqyaslı quruculuq, abadlıq işlərinə şərait yaradır.

Tədbir 5 bölmə iclası ilə davam etdirilib.

AzərTAc xəbər verir ki, konfransın plenar iclasından sonra “Muxtariyyət ərəfəsində Naxçıvan diyarında ictimai-siyasi vəziyyət”, “Naxçıvanın muxtariyyət statusu, Naxçıvan MSSR-in yaradılması və inkişafı”, “Naxçıvanın muxtariyyət dövründə elm və təhsilin inkişafı”, “Əlaqələr və mədəniyyət” mövzularında bölmə iclasları olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, akademiyanın müxbir üzvləri, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini Qadir Qədirzadə, qədim dövr arxeologiyası şöbəsinin müdiri Vəli Baxşəliyev və Naxçıvan Dövlət Universitetinin dekanı Asif Şirəliyevin sədrliyi ilə keçirilən bölmə iclaslarında bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasının 90 illik yubiley tədbirləri geniş mənada Azərbaycanda milli dövlətçilik təfəkkürünün, ərazi bütövlüyü düşüncəsinin daha da dərinləşdirilməsinə və möhkəmləndirilməsinə uğurla xidmət edən mükəmməl bir dövlət siyasətinin tərkib hissəsidir. Naxçıvan bütün tarix boyu həmişə Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuşdur. Qədim diyar Azərbaycana və dünyaya Heydər Əliyev kimi böyük dövlət xadimini bəxş etmişdir. Qeyd olunmuşdur ki, 1921-ci ildə imzalanan məşhur Moskva və Qars beynəlxalq müqavilələri Naxçıvanın muxtariyyət statusunun qazanılmasında mühüm rol oynamışdır. Çətin və şərəfli bir mübarizədən sonra dahilər yurdunun Azərbaycanın tərkibində muxtariyyət qazanması böyük tarixi hadisədir.
Konfrans iştirakçıları Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğunu vurğulayaraq demişlər ki, muxtar respublika bu gün bütün istiqamətlər üzrə inkişaf edir. Regionda aqrar sahə ilə birlikdə sənaye də böyük sürətlə inkişaf etdirilir. İnamla aparılan abadlıq-quruculuq işləri Azərbaycanın bütün regionları üçün nümunəvidir. Qədim diyarda iqtisadiyyatın, elm və təhsilin, milli mədəniyyətin inkişafı iftixar hissi doğurur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun regionun inkişafında elm və təhsilə xüsusi diqqət və qayğı göstərməsi ümummilli lider Heydər Əliyev siyasətinin bariz nümunəsi, Azərbaycan dövlətinin başçısının həyata keçirdiyi uğurlu siyasətin təntənəsidir.
Konfrans öz işini başa çatdırdıqdan sonra iştirakçılar Naxçıvan Muxtar Respublikasının füsunkar təbiəti, tarixi abidələri ilə tanış olmuş, gündən-günə daha da gözəlləşən Naxçıvan şəhərini gəzmişlər.

Tədbirdən sonra Naxçıvanın tarixi məkanlarına ekskursiyalar təşkil olunub.