Milli Azərbaycan Tarixi Muzeyi 2011-ci ildən başlayaraq AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən təşkil olunmuş və t.ü.f.d. Xəqani Alməmmədovun rəhbərlik etdiyi “Qarabağ neolit-eneolit arxeoloji ekspedisiyası” ilə birlikdə Qarabağın erkən əkinçi-maldar tayfalarına aid qədim yaşayış məskənlərinin arxeoloji tədqiqi işində yaxından iştirak edir.
2014-cü ilin çöl-tədqiqat mövsümündə də Milli Azərbaycan Tarixi Muzeyi t.ü.f.d. Nasir Quluzadə ilə təmsil olunmuşdur.
“Qarabağ neolit-eneolit ekspedisiyası” əsas tədqiqat obyekti olan İsmayılbəytəpə neolit dövrü yaşayış yerində arxeoloji qazıntı işləri aparmaqla yanaşı, Qarabağ düzənliyində arxeoloji kəşfiyyat işləri həyata keçirmişdir.
Arxeoloji qazıntılar İsmayılbəytəpə neolit dövrü yaşayış yerində, əsasən 2B və 2A kvadratlarında aparılmışdır Qazıntılar nəticəsində məlum olmuşdur ki, 15 saylı tikili qalığının istinad divarının hündürlüyü 3,44 sm, eni isə 1 m-dən çoxdur. Düzbuçaqlı plan quruluşuna malik olan tikili qalığı iki otaqdan ibarət olub, samansız çiy kərpiclə inşa edilmiş, divarların möhkəmliyi kontraforslar vasitəsilə təmin edilmişdir. Otaqlar arasında havalandırmanı təmin etmək üçün xüsusi dəlik açılmışdır. Burada iki tikinti mərhələsi izlənilmişdir. Divarlar bünövrəsiz olub, birbaşa xam torpağın üzərində inşa edilmişdir. Döşəmələr isə oxra əlavə edilmiş samansız palçıqla suvanmışdır. Ən maraqlı tapıntılar isə böyük sapand daşlarıdır. Çəkisi-250-650 qr arasında dəyişən samansız çiy palçıqdan hazırlanmış bu sapand daşları ancaq İsmayılbəytəpə üçün xarakterikdir. Bu il aparılmış qazıntılarda 52 ədəd bu cür sapand daşı aşkar edilmişdir. 2014-cü il qazıntıları nəticəsində yaşayış yerində mədəni təbəqə yatımının 5 m-dən çox və indiki yer səviyyəsindən 1,5 m aşağıda olduğu müəyyən edilmişdir. Qazıntılar zamanı C14 və paleonoloji analizlərin aparılması üçün hər bir təbəqədən nümunələr götürülmüşdür.
Arxeoloji kəşfiyyat işləri isə əsasən Ağdam, Ağcabədi və Bərdə rayonları ərazisində aparılmışdır. İlk dəfə olaraq Sultanbud meşəsi bütünlüklə arxeoloji kəşfiyyata cəlb olunmuş, nəticədə 30-dan çox arxeoloji abidə elektron şəkildə qeydiyyata alınaraq xəritələşdirilmişdir. Meşə ərazisində aparılmış kəşfiyyat işlərinin əsas maraqlı cəhəti ondan ibarətdir ki, bu abidələrin böyük əksəriyyəti neolit və eneolit dövrünə aiddirlər və onlar ilk dəfə olaraq qeydiyyata alınmışdılar.
Bərdə rayonu ərazisində Xaçınçayın sol sahili və onun Əmirli və Xanərəb kəndləri arasında yerləşən qədim yatağı boyunca 20 kv. km ərazidə arxeoloji kəşfiyyat işləri aparılmış, 10 neolit və Leylatəpə mədəniyyətinə aid yaşayış yeri aşkar edilərək qeydiyyata alınmışdır. Bu abidələr də ilk dəfə olaraq qeydiyyata alınmışdır. Bərdə rayonu ərazisində bu cür qədim abidələrin mövcudluğu faktı məhz bu tədqiqatların nəticəsində meydana çıxmışdır.
Ağcabədi rayonu ərazisində Sarıcalı və Hindarx kəndləri arasında olan 40 kv.km ərazidə aparılmış kəşfiyyat işləri nəticəsində 11 yeni neolit dövrünə aid yaşayış yeri qeydiyyata alınmış, ölçü işləri aparılaraq topoqrafiq planları hazırlanmışdır. Növbəti aylarda Ağcabədi rayonunun Qarqarçaya qədər olan və ekspedisiya tərəfindən arxeoloji kəşfiyyata cəlb edilməmiş ərazilərində də topoqrafiq ölçü işlərinin aparılması planlaşdırılır.
Aparılan arxeoloji kəşfiyyat işlərinin nəticələri “Qarabağın arxeoloji abidələr toplusu”nun I cildinin tərtibi üçün mənbə rolunu oynayacaqdır. Mənbə rolunu oynaya biləcək arxeoloji tapıntıların bir qismi Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir. Həmin tapıntılar saxsı təsərrüfat küpünün qalıqlarından, gil sapand daşlarından, zay olmuş daş qab hissələrindən, çiy və bişmiş kərpiclərdən ibarətdir. Onların Muzeyin Bərpa laboratoriyasında restavrasiya və konservasiya işlərinə cəlb olunduqdan sonra ekspozisiyada nümayişi nəzərdə tutulmuşdur.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.