11-13 sentyabr tarixində Bakı Ekspo Mərkəzində Azərbaycanda və regionda ilk dəfə olaraq keçirilən 1-ci Azərbaycan Beynəlxalq “Müdafiə sənayesi” (“ADEX 2014”) sərgisində AMEA Milli Azərbaycan Tarixi Muzeyinin pavilyonu tamaşaçıların böyük marağına səbəb olub.
“ADEX 2014” sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi təşəbbüsü və dəstəyi ilə təşkil edilib. Sərginin təşkilati tərəfdaşları “Iteca Caspian” və “Caspian Event Organisers” (CEO) şirkətləridir.
Azərbaycanın və xarici ölkələrin dövlət orqanları, biznes dairələri və sənaye strukturları tərəfindən “ADEX 2014” sərgisinə göstərilən böyük maraq bu tədbirin aktuallığını və region üçün əhəmiyyətini sübut edir. “ADEX 2014” sərgisində (Bakı Ekspo Mərkəzinin üç pavilyonunu tam əhatə etməklə) dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edir.
Sərgidə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin pavilyonu da qurulmuşdur. Belə ki, Azərbaycan hələ qədim dövrlərdən silah istehsalı ilə məhşur olmuş, Azərbaycan ustalarının düzəltdikləri soyuq və odlu silahlar həm Şərq, həm Qərb ölkələrinə aparılırdı. Pavilyonun qurulması zamanı əsas götürülən ideya son illər Azərbaycan müdafiə sənayesi sahəsində əldə olunan uğurların qanunauyqun olmasını göstərməklə bağlı olmuşdur. Nəticədə sərgiyə seçilən silahlar sırasında qədim dövrlərin tunc aypara baltaları, dəbilqələri, zireh lövhələri, qılınc və xəncərləri təqdim olunmuşdur. Onlarla bərabər sərgidə orta əsrlərə aid halqalı zireh və polad dəbilqələr, nizə, qılınc, toppuz, qalxanlar nümayiş olunur. Azərbaycan ustalarının düzəltdikləri və zəngin bəzədilmiş xəncər və çaxmaqlı tapancaları təkcə silah deyil, eləcə də dövrün gözəl sənət nümunələridir.
Sərgidə iştirak edən qonaqlara Muzeyin Azərbaycan və ingilis dillərində olan bukletləri, eləcə də “Azərbaycanın müdafiə silahları” kataloqu paylanır.
Muzeyin pavilyonu direktor, akademik Nailə Vəlixanlının rəhbərliyi ilə Muzeyin əməkdaşları tərəfindən hazırlanmışdır. Pavilyonun dizaynı Muzeyin Xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov tərəfindən yaradılmış, silahların seçilməsində Silahlar və bayraqlar fondunun müdiri, t.ü.f.d. Sevinc Vahabova, təşkilati işlərdə t.ü.f.d Pərvin Gözəlov iştirak etmişlər, tərtibat işləri Muzeyin ümumi işlər üzrə direktor müavini Əli Məhərrəmovun rəhbərliyi altında həyata keçirilmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.