XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 Sentyabr, 2014
Azərbaycanın Xalq rəssamı Maral Rəhmanzadənin “Neft” silsiləsi rəsmləri tamaşaçılara təqdim olunacaq

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunmuş silsilə tədbirlər sırasında “Azərbaycanın neft salnaməsi” sərgisi vacib yer tutur.

Sərginin maraqlı xüsusiyyətlərindən biri burada Azərbaycanın xalq rəssamı Maral Rəhmanzadənin “Neft” silsiləsindən olan və hələ 1947-ci ildə hazırladığı 10 orijinal litoqrafiyanın nümayiş etdirilməsidir.


Maral Rəhmanzadə (1916 -2008) Bakı şəhərində anadan olmuş, Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1930-1933) və Moskva Rəssamlıq İnstitutunda (1934-1940) oxumuşdur. 1947-ci ildə keçirilən sərgidə neft diyarının tarixi əks olunmuş, 10 vərəqdən ibarət “Neft” avtolitoqrafiya seriyası ilk dəfə nümayiş olundu. Seriya əbədi odlara sitayiş səhnəsi təsvir edilmiş “Atəşpərəstlər” kompozisiyası ilə başlayır, neft tankerinin getdiyi dəniz mənzərəsi ilə tamamlanır.

“Yeni sənaye sahəsində”, “Qazmada”, “Kaçalka”, “Fontan borulardan keçir” - bu seriyadan olan litoqrafiya əsərləridir. 1948-ci ildə Maral Rəhmanzadə “Sosialist Bakısı” adlı yenə 10 vərəqdən ibarət seriyanı tamamlayır. Bura sənaye və şəhər mənzərələri, həm də “Növbənin təhvili”, “Növbə günü”, “Yeni yaşayış məskəninin tikintisi” adlı janr kompozisiyaları daxil edilmişdi. “Neft daşları”na səyahət rəssam üçün çox məhsuldar oldu. Maral Rəhmanzadə Neft daşlarına işləməyə gedən ilk rəssam qadın idi. Dəniz neftçiləri ilə birgə, onların adi iş günlərini müşahidə edərək, rəssam Xəzərin sənaye mənzərələrini, estakadaların tikintisini, neft rezervuarlarını, buruqları, neft emalı prosesini təsvir edirdi.

Rəssamın hesabat sərgisində neftçilərin əmək həyatının xarakterik epizodları əks olunmuş rəsm sulu boya ilə çəkilmiş əsərləri nümayiş olunurdu. Maral Rəhmanzadə “Bizim Xəzərdə” adlı avtolitoqrafiya seriyası da neftçilərə həsr olunmuşdur. Moskvada 15 rəngli litoqrafiyadan ibarət albom nəşr olundu. “Açıq dənizdə” litoqrafiyasında şaquli buruqlar, polad estakadalar, parıltılı dəniz səthi təsvir edilmişdir. Rəssam “Növbətçi kater”, “Ərzaq gətirilib”, “Tufanda” əsərlərində neftçilərin asan olmayan zəhmətini özünəməxsus məişətini əks etmişdir. Bu litoqrafiya seriyaları Maral xanıma geniş şöhrət gətirdi və o dəfələrlə ümümrespublika və xarici sərgilərdə nümayiş olunurdu.

Tamaşaçılara sərgidə rəssamın 1947-ci il “Neft” silsiləsinə aid 10 avtolitoqrafiya əsəri təqdim olunacaq.