XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
16 Oktyabr, 2014
Muzeyinin elmi işlər üzrə direktor müavini t.e.d. Nərgiz Əliyeva Hindistanda konfransda iştirak etmişdir

Hindistanda konfrans20-26 sentyabr 2014-cü il tarixlərində Hindistanın Dehli şəhərində keçirilmiş MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Azərbaycan), Jamia Millia İslamia Universiteti (Hindistan) və Selçuk Universitetinin (Türkiyə) təşkilatçılığı ilə III Beynəlxalq Türk İncəsənəti, Tarixi və Folkloru Simpoziumunda Muzeyin elmi işlər üzrə direktor müavini t.e.d. Nərgiz Əliyeva çıxış etmişdir.


Nərgiz Əliyeva Milli Azərbaycan Tarixi Muzeyini konqresdə təmsil edən yeganə nümayəndə idi. O, “Orta əsrlərdə Azərbaycanda zərdüştilər” adlı məruzə ilə çıxış etdi. Məruzədə toxunulan məsələlər, Hindistanda da atəşpərəstlik məbədlərinin olması və zərdüştilərin bəzilərinin Azərbaycandan Hindistana köçərək məskunlaşması məsələləri simpozium işkirakçılarının marağına səbəb oldu.

 Simpozium Jamia Millia İslamia Universitetində təşkil edilmişdi. Simpoziumun açılış mərasimini giriş sözü ilə təşkilat komitəsinin baş katibi Ahmet Aytaç açaraq qonaqları salamladı. O, Hindistanın hazırda və tarixdə Türk-İslam dünyası ilə əlaqələrindən bəhs etdi. Təşkilat Komitəsinin həmsədri, Jamia Millia İslamia Universitetinin İncəsənət fakültəsinin dekanı, Prof.Dr. Qəzənfər Zahidi universitetin Hindistanın mərkəzi universitetlərindən biri olmasını, burada xristianlarla müsəlmanların birlikdə təhsil almasını, rəssamlıq, təhsil, heykəltəraşlıq, təsviri incəsənət fakültələrinin fəaliyyət göstərməsini xüsusilə qeyd etdi. Təşkilat Komitəsinin həmsədri, Selçuk Unversiteti Türk Əl Sənətlərini Araşdırma və Tətbiqetmə Mərkəzinin sədri, Dos.Dr. Osman Kunduracı Dehlinin uzaq məsafədə yerləşməsinə baxmayaraq alimlərin əzmli olduqlarını və maraqlı məruzələr dinləyəcəklərini bildirdi.

Simpoziumda iki gün ərzində müxtəlif bölmələr üzrə Azərbaycan, Türkiyə, İtaliya və Hindistandan olan alimlərin 60-dan çox məruzə və poster-məruzəsi dinlənildi. Azərbaycan nümayəndə heyətinin üzvlərindən Millət vəkili Qənirə Paşayevanın “Azərbaycan Hindistan əlaqələri tarixdə və bu gün”, AMEA Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini professor Kubra Əliyeva Təbriz bədii məktəbinin formalaşmasında Moğol miniatür məktəbinin rolu, Folklor İnstitutunun elmi katibi t.ü.f.d. Afaq Ramazanova “Türk xalqlarında “Arzu-Qəmbər” dastanı və s. mövzularda maraqlı məruzələrlə çixiş etdilər.

 Simpozumun yekun iclasında Hindistanın Türk-İslam tarixində önəminə diqqət çəkən natiqlər gələcəkdə də bu cür elmi-kütləvi tədbirlərin keçirilməsinin buradakı türk əsərlərinin araşdırılması, qorunması və mühafizəsinə böyük təsir edəcəyini bildirdilər. Jamia Millia İslamia Universitetində Türkoloji bölməsinin açılmasının böyük önəm daşıdığını bildirən azərbaycanlı nümayəndələr burada Azərbaycan dili və ədəbiyyatının tədris olunmasını da arzuladıqlarını nəzərə çatdırıblar. Prof.Dr. Kübra Əliyeva simpoziumun dördüncüsünün Çin Xalq Respublikasının Urumçi şəhərində keçirilməsini təklif etdi. Simpoziumun təşkilatçıları təklifi dəyərləndirəcəklərini bildiriblər.

Simpozium çərçivəsində Dehli və Aqrada tarixi və memarlıq abidələri də ziyarət edildi.

 konfrans

Hindistanda konfrans