XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
10 Dekabr, 2014
10-12 dekabr tarixlərində - “Azərbaycan xalçalarına Qərb yanaşması” mühazirə kursu

"Azərbaycan xalçasına Qərb yanaşması"... 2014-cü il 10-12 dekabr tarixlərində Azərbaycan Xalça Muzeyində keçiriləcək 3 günlük mühazirə kursu məhz belə adlanır. Bu tədbir Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunur və Qərb tədqiqatçılarının xalçaların öyrənilməsinə olan yanaşmasının əsas tezislərini üzə çıxarır.


Mühazirə kursu əsasən Azərbaycan Xalça Muzeyi, Milli İncəsənət Muzeyi, Azərbaycan Tarix Muzeyi eləcə də, 3 ali məktəb - Turizm İnstitutu, Rəssamlıq Akademiyası, Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri və tələbələri, toxuculuq ya xalça ornamentləri ilə işləyən mütəxəssislər, dizaynerlər rəssamlar üçün nəzərdə tutulub.

Məxsusi olaraq Azərbaycan auditoriyası üçün təşkil olunmuş mühazirə kursunu Florensiyadan olan xalçalar üzrə mütəxəssis, beynəlxalq İCOC (İnternational Conference On Oriental Carpets) təşkilatının Akademik komitəsinin sədri Alberto Boralevi və Əsli Səmədova aparacaq.

Alberto Boralevi 30 ildən artıq müddətdir ki, Azərbaycan Xalça Muzeyi ilə əməkdaşlıq edir. O, mütəmadi olaraq muzeyə ziyarət etmiş Azərbaycan xalçasının Beynəlxalq miqyasda təbliği ilə məşğul olmuşdur.

Alberto Boralevi 1983, 2003 və 2007-ci illərdə Azərbaycan Xalça Muzeyinin təşkil etdiyi Azərbaycan xalçası üzrə Beynəlxalq simpoziumların iştirakçısıdır. 2012 və 2013- cü illərdə onun səyləri sayəsində Azərbaycan Xalça Muzeyinin kolleksiyası 4 nadir Azərbaycan xalçası ilə zənginləşmişdir. Onlardan biri XVII əsrə aid olan Qarabağın unikal "Əjdahalı" xalçasıdır. 2013- cü ildə məhz onun təşkilatçılığı ilə Azərbaycanın aparıcı sənət sahələrinin beşiyi sayılan Qəbələ, Şamaxı və Şəkidə beynəlxalq xalça turu keçirilmişdir.

Mühazirəçilər öz yanaşmasında nəzəriyyə və təcrübənin bir araya gətirmişlər. Mühazirələrin mövzusu xalça tarixinə qısa nəzər, onun müəyyənləşdirilməsi üçün vacib olan əsas texniki göstəricilər Azərbaycan xalçalarının naxışları, Qərb və Azərbaycan tədqiqatçılarının xalçaların təsnif etmələrində fərqləri, muzeyşünaslıq məsələləridir (aparacı muzeylərin daimi ekspozisiyaları, müvəqqəti sərgilər və bunların muzeylərin inkişafındakı əhəmiyyəti).

Bu təşəbbüs dekorativ-tətbiqi sənət sahəsindəki beynəlxalq əlaqələrin və muzeyşünaslığın inkişafı üçün növbəti lahiyələrin keçirilməsində mühüm əhəmiyyət kəsb edir.