XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
29 İyun, 2009
AMEA Milli Azərbaycan Tarixi Muzeyində tədbir keçirildi

AMEA Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Milli Ordusunun yaradılması gününə həsr edilmiş tədbir keçirildi. Tədbiri giriş sözü ilə muzeyin direktoru akademik Nailə Vəlixanlı açaraq məruzə üçün sözü AR Müdafiə Nazirliyinin şöbə müdiri, əməkdar incəsənət xadimi Abdulla Qurbaniyə verdi.


Azərbaycanda ordu quruculuğunun inkişafından və bu sahədə əldə olunan nailiyyətlərdən söhbət açan A.Qurbani 22 may 1998-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 26 İyun tarixinin Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildiyini bildirdi, ordumuzun Qafqaz regionunun ən qüdrətli ordusu olduğunu söylədi. O, əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələrinin müasir dövrdə də qorunub saxlanıldığını və inkişaf etdirildiyini, bunun isə ümummilli lider Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olduğunu bildirdi.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin kapitanı Vüqar Quliyev, professor Məhəmməd Teymurlu, muzeyin “Silah fondunun” müdiri Sevinc Vahabova Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasını müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biri olduğunu söyləyərək, Azərbaycan Milli Ordusunun yaradılmasının 91-ci ili münasibətilə tədbir iştirakçılarını təbrik etdilər.

Tədbirdə həmçinin, muzeyin “Heraldika” şöbəsinin müdiri t.e.n. Bəxtiyar Sarıyev “Azərbaycanda ordu quruculuğunun mərhələləri”, muzeyin “Hədiyyələr və xatirə əşyaları fondunun” müdiri Rəna Səfərova “General Əliağa Şıxlinskinin Azərbaycan Tarixi Muzeyində saxlanılan kolleksiyaları” mövzusunda məruzələrlə çıxış etdilər.

Sonda tədbir bədii hissə ilə davam etdirildi.