XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
05 Aprel, 2018
Muzeydə növbəti mühazirə təşkil edilib
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Sənətşünaslıq” fakültəsinin magistrantları üçün davamlı mühazirələr təşkil edilir. Növbəti mühazirə “Etnoqrafik materialların elmi-tədqiqat işlərinin yerinə yetirilməsində rolu” mövzusunda təşkil edildi. Mühazirəni Muzeyin Etnoqrafiya fondunun müdiri Sevinc Nəsirova apardı. Mühazirəçi, etnoqrafik materialların daha çox sərgiləndiyi zalda Azərbaycan tarixini, mədəniyyətini, məişətini əks etdirən materiallar haqqında geniş məlumat verdi. Fondda saxlanan eksponatların saxlanma qaydaları, onların haqqında məlumatların verilməsi və elmi-tədqiqat işi aparanların həmin materiallarla işləmə texnikası haqqında danışdı. Magistrantların elmi-tədqiqat işlərinin yerinə yetirilməsində bu fondların vacibliyini və orada tədqiqat işlərinin aparılması prinsipi və qaydalarından bəhs etdi. S.Nəsirova tələbələri maraqlandıran suallara ətraflı cavab verdi. Növbəti mühazirə aprel ayının 10-da “Sənətşünaslıq-muzeyşünaslıq vəhdətində muzeylərin rolu” mövzusunda keçiriləcəkdir. Mühazirə “Xarici əlaqələr və elmi-kütləvi iş” şöbəsinin aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru Nardanə Yusifova tərəfindən aparılacaqdır. Muhazirələrin aparılmasında məqsəd, magistr proqramı üzrə təhsil alan sənətşünas tələbələrin muzeyşünaslıq-sənətşünaslıq vəhdətində elmi-tədqiqat işini aparmasında muzeyin rolunu vurğulamaqdır. Həmçinin, magistrantların müstəqil şəkildə elmi-tədqiqat işlərini aparmasında onları istiqamətləndirməkdir.