XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 Dekabr, 2014
Milli Azərbaycan Tarixi Muzeyinin Gəncədəki səyyar sərgiləri işini yekunlaşdırdı

Milli Azərbaycan Tarixi Muzeyinin Gəncə şəhərində “Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi”ndəki səyyar sərgiləri öz işini yekunlaşdırdı. Sərgilər üçün aparılmış bütün eksponatlar Muzeyin müvafiq fondlarına qaytarıldı.


 

Belə ki, bu ilin yanvarında Milli Azərbaycan Tarixi Muzeyi “Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi”ndə iki səyyar sərgi təşkil etmişdir: “Azərbaycan – qədim sivilizasiya məkanı” və “Azərbaycan milli geyimləri”.

2014-cü ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi” ilə tanış olduğu zaman, adı çəkilən sərgilərlə də tanış olmuş və tariximizin əyani surətdə təbliği ilə öz razılığını bildirmişdir.

Ümumilikdə sərgilərdə 204 eksponat- arxeoloji materiallar, qədim keramika, silahlar, bəzək əşyaları, milli geyimlər, tikmələr nümayiş olunmuşdur. Muzeydə Azərbaycan xalqının formalaşdığı ərazinin kosmosdan görüntü xəritəsi, Dərbənd qalasının maketi və digər eksponatlar böyük maraq doğurur. Qeyd edək ki, bu müstəqillik illərində Milli Azərbaycan Tarixi Muzeyinin respublikanın regionlarında keçirdiyi ilk səyyar sərgilər idi.

Gəncə ictimaiyyətinin böyük marağına səbəb olmuş sərgilərlə il ərzində 17500-dən artıq tamaşaçı tanış olmuşdur.