Bu günlərdə Arxeologiya elmi fond şöbəsi ekspozisiyanın təkmilləşdirilməsi və zənginləşdirilməsi işləri çərçivəsində ikisi daş, altısı isə dəmir olmaqla 8 ədəd lövbəri ekspozisiyaya təhvil vermişdir. Ekspozisiyaya təhvil verilməmişdən öncə dəmir lövbərlər Milli Azərbaycan Tarixi Muzeyinin Bərpa laboratoriyasında pasdan və digər arzuolunmaz təbəqələrdən təmizlənmişlər.
Laboratoriya müdiri, bərpaçı-rəssam Təhsib Zəvərlinin bilavasitə iştirakı və nəzarəti altında həyata keçirilən lövbərlərin konservasiyası işləri korroziyaya qarşı xüsusi kimyəvi maddələrin vurulması ilə tamamlanmışdır. Lövbərlərin ekspozisiyada – müvafiq podiumlarda yerləşdirilməsi işləri isə t.ü.f.d. Səbuhi Əhmədovun başçılğıı ilə yerinə yetirilmişdir.
Lövbərlər 1968-1987-ci illərdə Milli Azərbaycan Tarixi Muzeyinin nəzdində təşkil olunmuş sualtı arxeoloji ekspedisiyası tərəfindən Xəzər akvatoriyasında aparılan tədqiqatlar zamanı keçən əsrin 80-ci illərində aşkarlanmışdı. Muzeyin əməkdaşı Viktor Kvaçidzenin rəhbərliyi altında fəaliyyət göstərən ekspedisiya daş lövbərləri Köhnə Bilgəh, dəmir lövbərləri isə Səngi-Muğan adası ərazisində Xəzər dənizin dərinliklərindən quruya çıxarmışdı. Lövbərlər tərkibi və tapılma məkanları ilə yanaşı dövrlərinə görə də fərqlənirlər. Belə ki, daş lövbər VI-XII, dəmir lövbərlərin bir qismi X-XIV, digər qismi isə XVIII-XIX əsrlərə aid edilirlər. 2002-ci ildə mərhum arxeoloq V.Kvaçidzenin həmin lövbərlərə həsr olunmuş xüsusi elmi məqaləsi işıq üzü görüb.
İnamla demək olar ki, Xəzərdə gəmiçiliyin inkişaf tarixini özündə əks etdirən bu lövbərlər muzeyə gələndə Azərbaycanın qədim keçmişi və zəngin mədəniyyəti haqqında daha geniş təsəvvürlər yaradacaqdır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.