XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
19 Yanvar, 2015
Muzeydə 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi

Yanvarın 20-də AMEA Milli Azərbaycan Tarixi Muzeyinində 20 yanvar hadisəsinə həsr olunmuş tədbir keçirildi.

Tədbiri açan Muzeyin direktoru, akademik Nailə Vəlixanlı 1990-cı ilin yanvarında sovet totalitarizminin Azərbaycan xalqına qarşı törətdiyi cinayətdən bəhs etdi.


Qanlı hadisəni Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi adlandıran N.Vəlixanlı bu günün heç zaman yaddaşlardan silinməyəcəyini qeyd etmişdir. Vurğulanmışdır ki, həmin gün nə qədər hüznlə anılsa da, bir o qədər də xalqımızın şərəf tarixi kimi yada salınır. Qeyd edilmişdir ki, Qanlı 20 Yanvar gecəsində silahlı sovet ordusu xalqımızın azadlıq mübarizəsini qıra bilməmişdir. Məhz bu əzmin, mübarizənin sayəsində xalqımız azadlığına qovuşmuşdur. Natiq həmin vaxt xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu qanlı hadisəyə qarşı kəskin etirazını bildirdiyini xatırlatmışdır. Vurğulamışdır ki, 20 Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət məhz ulu öndər, müdrik şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə verilmişdir.

Tədbirdə 20 yanvar hadisələrinin şahidi, texnika elmləri üzrə fəlsəfə doktoru Əsəd Əsədzadə çıxış edərək o, qanlı yanvar günlərində öz gözləri ilə gördüyü dəhşətli hadisələrdən danışmış, Azərbaycanın mərd oğul və qızlarının qəhrəmanlığını vurğulamışdır. Xalqımızın tarixinə qara hərflərlə yazılmış Qanlı 20 Yanvar hadisələrindən söhbət açan natiq bu siyasətin keçmiş sovet imperiyası tərəfindən düşünülmüş şəkildə həyata keçirildiyini bildirmişdir.

Muzeyin gənc alimlər şurasının sədri, tarix üzrə fəlsəfə doktoru Bəhmən Kərimov çıxış edərək bildirmişdir ki, artıq 25 ildir ki, ölkəmizdə və dünyanın müxtəlif yerlərində 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırmışdır. Natiq sovet imperiyası ordusunun törətdiyi qanlı qırğınlardan, azadlıq arzusunda olan insanların qəddarcasına qətlə yetirilmələrindən söhbət açmışdır.

Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyində qorunan və 1990-cı ilin yanvar hadisələrini əks etdirən çoxsaylı əşyalardan, fotolardan ibarət slayd- film nümayiş olundu.

Tədbirin sonunda “İrs-Наследие“ beynəlxalq jurnalının müvafiq nömrələri tədbir iştirakçılarına paylandı.