XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
19 Yanvar, 2015
20 yanvar – hüzn və qürur günümüz

Yanvarın 20-si Azərbaycanda ümumxalq hüzn günü qeyd olunur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və Azərbaycanın bir sıra rayonlarında yüzlərlə dinc insanın ölümü ilə nəticələnən siyasi müxalifətin Sovet ordusu tərəfindən amansız qanlı yatırılışı həyata keçirilmişdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin qeyd etdiyi kimi: “1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur.”


Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən 20 yanvar hadisələri ilə bağlı tarixi əşyaların toplanması işi həyata keçirilir. Belə ki, o qanlı olayları əyani şəkildə nümayiş etdirən fotoşəkillər, sənədlər, şəhidlərin şəxsi əşyaları əhalidən toplanaraq pasportlaşdırılır və Muzeyin fondlarında qorunur. Hazırda bir çox tarixi sənədlər, fotoşəkillər, qanlı yanvar günlərində çap olunmuş qəzetlər, və, 15 şəhidə məxsus olmuş eksponatlar toplanmışdır. 20 yanvar şəhidlərindən Məmmədova Larisanın məktəb tabeli, Məmmədov İbişin qanlı köynəyi, Xanməmmədov Cəbrayılın güllə ilə deşilmiş sviteri, şəhidlik zirvəsinə yüksəlmiş neçə-neçə vətən oğlunun ölüm haqqında şəhadətnamələri faciə və eyni zamanda qəhrəmanlıq tariximizin Muzeydə qorunan nümunələridir.