AMEA Milli Azərbaycan Tarixi Muzeyində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş tədbir keçirildi.
Azərbaycan Respublikasının Dövlət himni ilə başlanan tədbiri giriş sözü ilə muzeyin direktoru, akademik Nailə Vəlixanlı açdı. O, bu bayramın dünyaya səpələnmiş azərbaycanlılar tərəfindən təntənəli və yüksək səviyyədə qeyd olunduğunu söylədi. N.Vəlixanlı bildirdi ki, qədim tarixə malik olan Azərbaycan türkləri milli ənənələrə, mədəniyyətə, tarixi köklərə bağlı, uzun illərdən bəri qoruyub saxlamış olduğu bu bayramı ən xoş amallar və duyğularla keçirir. O, bu bayramın ildən-ilə daha geniş vüsət alaraq, ürəklərdə vətən eşqi, milli və mənəvi birlik, inkişaf hissləri bəsləyən hər bir soydaşımız tərəfindən keçirildiyini qeyd etdi. N.Vəlixanlı tədbir iştirakçılarını millətimizi milli mənlik və milli-mənəvi dəyərlər vasitəsilə birləşməyə yönəldən 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü bayramı münasibətilə təbrik etdi.
“Dünya azərbaycanlıları və Azərbaycan Respublikası” adlı məruzə ilə çıxış edən muzeyin əməkdaşı Aqil Əhmədov bildirdi ki, azərbaycanlılar min illərlə öz tarixi, etnik, doğma torpaqlarında - Azərbaycanda yaşamış, yaratmış və bəşər sivilizasiyasına dəyərli töhfələr vermişlər. O, dünyada gedən müharibələr, inqilablar, hərbi münaqişələr, ictimai-siyasi proseslər nəticəsində Azərbaycanın parçalandığını, azərbaycanlıların bir qisminin yerlərindən-yurdlarından sürgün, deportasiya olunduğunu, parçalanma nəticəsində bir-birindən ayrı düşdüyünü, bəzilərinin isə özlərinə iş aramaq, təhsil almaq üçün doğma torpaqlarını tərk edib başqa ölkələrdə məskunlaşdığını söylədi. A.Əhmədov indi dünyanın bir çox ölkələrində - Rusiya, Müstəqil Dövlətlər Birliyinə daxil olan digər ölkələr, Gürcüstan, İran, Türkiyə, Avropa, Amerika, Şərq ölkələrində azərbaycanlıların böyük icmalarının yarandığını, onların bir-biri ilə daha sıx əlaqə qurmağa çalışıraraq həmrəylik hisslərini gücləndirdiklərini bildirdi. O, müstəqil Azərbaycan Respublikasının bütün dünya azərbaycanlılarının dayağı olduğunu qeyd etdi. A.Əhmədov çıxışının sonunda bildirdi ki, dünya azərbaycanlılarını həmrəyliyə çağırmaq, bu barədə təşəbbüskarlıq etmək bizim müstəqil Azərbaycan Respublikasının tarixi missiyasıdır və azərbaycanlı adını daşıyan hər bir kəs bu tarixi missiyanı yerinə yetirməlidir.
Tədbirdə çıxış edən Azərbaycanın insan haqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Zahid Qaralov və Şəmistan Əlizamanlı tədbirin keçirilməsinin önəmliliyini vurğulayaraq, tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdilər.
Sonra tədbir bədii hissə ilə davam etdirildi.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.