XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
29 Yanvar, 2015
Arxeologiya fonduna yeni arxeoloji materiallar daxil olub

Bu günlərdə Arxeologiya fonduna 4 ədəd arxeoloji tapıntı daxil olub. Həmin tapıntıların hamısı Milli Azərbaycan Tarixi Muzeyinə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, “Xaraba-Gilan arxeoloji ekspedisiyası”nın rəisi, t.ü.f.d. Bəhlul İbrahimli tərəfindən hədiyyə olaraq təqdim edilib. Təqdim edilmiş tapıntılar 3 ədəd pastadan hazırlanmış silindrik möhürdən və bir tunc toppuz başından ibarətdir.


Bütün tapıntılar həmdövr olub, e.ə. II minilliyin sonlarına aiddir. Lakin bu tapıntılar tapılma məkanına və vaxtına görə fərqlənirlər. Belə ki, silindrik möhürlərdən biri 1985-ci ildə Mərdangöl nekropolundan, digər ikisi isə 2013-cü ildə III Plovdağ nekropolundan arxeoloji qazıntılar zamanı tapılıb. Sonuncu tapıntı – toppuz başı isə 2007-ci il arxeoloji qazıntıları zamanı II Plovdağ nekropolundan əldə edilib. Hər dörd tapıntı saxlanma vəziyyətinə tam və yaxşıdır. Hazırda onların inventarlaşdırılması və pasportlaşdırılması istiqamətində işlər aparılır.  

Arxeologiya fonduna daxil olmuş bu arxeoloji materiallardan ekspozisiyanın zənginləşdirilməsi ilə yanaşı, elmi tədqiqatlarda, xüsusilə təmsil etdikləri dövrün sosial-iqtisadi münasibətləri, hərb işi və mədəni əlaqələri ilə bağlı məsələlərin araşdırılmasında dəyərli əşyavi mənbə kimi də istifadə etmək olar.