XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
16 Oktyabr, 2009
AMEA Milli Azərbaycan Tarixi Muzeyində “18 oktyabr dövlət müstəqillik günü”nə həsr olunmuş tədbir keçirildi

16 oktyabr 2009-cu il tarixdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin konfrans zalında Elmi-maarif şöbəsinin təşkilatçılığı ilə “18 oktyabr dövlət müstəqillik günü”nə həsr olunmuş tədbir keçirildi.

 


Tədbiri giriş sözü ilə açan muzeyin direktoru akademik Nailə Vəlixanlı xalqımızın ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa etməsini mühüm tarixi hadisə kimi qiymətləndirdi. O, müstəqilliyin möhkəmlənməsində və milli dövlət quruculuğu prosesində ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusilə vurğulayaraq, bu böyük şəxsiyyətin rəhbərliyi altında Azərbaycanın tarixi nailiyyətlərə imza atdığını söylədi.

 

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Xəlil Köçərli dövlətimizin müstəqilliyini qoruyub saxlamaq üçün xarici təzyiqlərlə üzləşdiyini, dövlət çevrilişinə cəhdlər olduğunu, amma bütün bunların qarşısının alındığını və xalqımızın müstəqilliyini və dövlətçiliyini qorumaq əzmini nümayiş etdirdiyini bildirdi.

“1991-ci ildə Sovetlər İttifaqının dağılması ilə əlaqədar Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etmiş, 18 oktyabrda respublika Ali Sovetinin qəbul etdiyi dövlət müstəqilliyi haqqında konstitusiya aktına dekabrın 30-da ümumxalq səsverməsi - referendum vasitəsilə hüquqi təminat yaradılmışdır.”

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, t.e.d., prof. Əli Məmmədov, Yeni Azərbaycan Partiyasının Səbayıl rayonu təşkilatının sədr müavini Muxtar Nağıyev, xalq şairi Söhrab Tahir Azərbaycanın dövlət müstəqilliyinin xalqımızın tarixi nailiyyəti olduğunu söyləyərək, 1991-ci il oktyabrın 18-dən Azərbaycanın istiqlal, suveren bir ölkə olduğunu və xalqımızın artıq 18 ildir ki, müstəqil dövlətdə yaşadığını bildirdilər.

Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət təqdimat nümayiş etdirildi.

Sonda tədbir bədii hissə ilə davam etdirildi.