22 fevral 2007-ci il tarixdə AMEA Rəyasət Heyətinin binasında AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzi (GİİM) ilə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin birgə təşkil etdiyi “Xocalı soyqırımı “Böyük Ermənistan" irqçiliyinin təzahür forması kimi" mövzusunda tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan AMEA GİİM-in rəhbəri fizika-riyaziyyat elmləri namizədi İlqar Orucov bildirdi ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə ermənilər azərbaycanlılara qarşı Xocalı şəhərində dünya tarixində analoqu olmayan soyqırımı həyata keçirərək Xocalını dağıdıb məhv etdilər. Bir gecədə 613 nəfərin qətlə yetirildiyini, 10 ailənin təmamilə məhv edildiyini, 1000 nəfərədən artıq insanın əlil və şikəst olduğunu, 1275 nəfərin girov götürüldüyünü, 150 nəfərin sonrakı taleyindən bu vaxta qədər heç bir məlumat olmadığını qeyd edən natiq bu faciənin bütövlükdə bəşəriyyətə və insanlığa qarşı ağır cinayət olduğunu bildirdi. O, həmçinin qeyd etdi ki, azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən yüz illər boyu planlı surətdə həyata keçirilmiş soyqırım siyasətinin mahiyyəti xalqımızı öz doğma torpaqlarından sıxışdırıb çıxartmaq və fiziki cəhətdən məhv etmək yolu ilə bu ərazilərdə mifik “Böyük Ermənistan dövləti" yaratmaqdan ibarətdir. F.-r.e.n. İ.Orucov vurğuladı ki, həmin dəhşətli hadisələrdən 15 il keçməsinə baxmayaraq bu cinayətə indiyədək beynəlxalq səviyyədə hüquqi qiymət verilməmişdir. O, çıxışının sonunda qeyd etdi ki, bu gün Xocalı faciəsinin, ümumilikdə ermənilərin xalqımıza qarşı əsrlərlə davam edən təcavüzünün tarixi faktlarla tədqiqi və gələcək nəslə oldugu kimi çatdırılması gənc alimlərin əsas vəzifəsidir.
Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Xocalı soyqırımı haqqında tarixi faktlarla çıxış edən AMEA Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini tarix elmləri namizədi Nərgiz Əliyeva, muzeyin Gənc Alimlər Şurasının sədri Bəhman Kərimov, elmi işçilər Esmira Rəhimova və Ləman Məmmədova, AMEA Tarix İnstitutunun əməkdaşı İlqar Niftəliyev erməni mənfurlarına qarşı artıq informasiya müharibəsinin aparılmasının zəruriliyini önə gətirdilər.
Daha sonra Xocalı soyqırımının şahidləri kimi çıxış edən Zahid Qarayev, Məhəmməd Şükürov və II dərəcəli əlil İmarət Cəmilli bu faciənin dəhşətlərindən söhbət açdılar.
Tədbirdə 244 saylı məktəbin sagirdləri Xocalı soyqırımı ilə bağlı seirlər söylədilər və səhnəciklər göstərdilər.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.