AMEA Azərbaycan Milli Tarixi Muzeyində Almaniyanın ölkəmizdəki səfirliyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Almaniya Arxeologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan - Şərqi və Qərbi birləşdirən ölkə (bizim eramızdan əvvəl VII və IV minilliklərdə)" mövzusunda beynəlxalq arxeoloji konfrans öz işinə başladı.
Konfransı giriş sözü ilə açan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru t.e.d. Maisə Rəhimova ölkəmizdə XIX əsrdən arxeoloji abidələrin tədqiqinə başlanıldığını və Azərbaycanın tanınmış arxeoloqlarının gərgin əməyi nəticəsində bu sahənin inkişaf etdiyini söylədi. O, institutun bu sahədə hazırda dünyanın bir çox aparıcı elmi mərkəzləri, elmi-tədqiqat institutları ilə əməkdaşlıq etdiyini, təcrübə mübadiləsi apardığını bildirdi. M.Rəhimova institut əməkdaşları tərəfindən Azərbaycanın arxeoloji abidələrindən bəhs edən elmi əsərlərinin işıq üzü gördüyünü, gənc arxeoloq alimlərin yetişdiyini də qeyd etdi.
AMEA prezidenti akademik Mahmud Kərimov Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən belə tədbirlərin keçirilməsini mühüm hadisə kimi qiymətləndirərək, bunun Azərbaycan tarixinin öyrənilməsi və onun dünya tarix elminə inteqrasiyası baxımından əhəmiyyətli olduğunu vurğuladı.
Konfransda çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stançina və Almaniya Arxeologiya İnstitutu Avrasiya departamentinin direktoru Svend Hansen bu silsilədən olan konfransların keçirilməsinin xalqımıza məxsus mədəniyyətin, elm və təhsilin, keçmişimizin və bu günümüzün, başqa sözlə tariximizin nümayiş etdirilməsinə imkan verdiyini, həmçinin hər iki ölkəni təmsil edən alimlər üçün mühüm əhəmiyyət kəsb etdiyini söylədilər.
Şəmkir rayonunun Qaracəmirli kəndi ərazisində Azərbaycan, Almaniya və Gürcüstan alimlərindən ibarət beynəlxalq ekspedisiyanın apardığı işi təqdirəlayiq hadisə kimi qiymətləndirən Almaniya xarici işlər nazirinin müavini Qernot Erler aparılan arxeoloji qazıntıların bütöv bir tarixi mərhələnin öyrənilməsinin başlanğıcı olduğunu söylədi.
Konfransda həmçinin Almaniya, ABŞ, Fransa və Türkiyə alimləri də Azərbaycanda apardıqları birgə arxeoloji ekspedisiyalara dair məruzələrlə çıxış etdilər.
Sonra AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Almaniyanın Arxeologiya İnstitutu arasında birgə tədqiqatların aparılmasına dair saziş imzalandı.
Konfrans aprelin 3-dək davam edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.