XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 May, 2009
Gürcüstan Prezidenti Mixeil Saakaşvili AMEA Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur

21 may 2009-cu il tarixdə Gürcüstan Prezidenti Mixeil Saakaşvili AMEA Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur.


Qeyd edək ki, muzeydə qədim dövrdən başlayaraq Azərbaycan tarixinin bütün mərhələlərinə dair qiymətli eksponatlar toplanmışdır. Muzeydə nümayiş etdirilən Azərbaycan ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrünə aid maddi mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verir.

Ali qonağa muzeyin tarixi barədə ətraflı məlumat verən muzeyin direktoru, akademik Nailə Vəlixanlı bildirmişdir ki, Bakının ən gözəl memarlıq abidələrindən olan bu bina 1895-1897-ci illərdə tikilmiş və Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin mülkü olmuşdur.

Akademik N.Vəlixanlı 130-dan çox işçisi olan muzeyin həm də AMEA strukturunda elmi tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirdiyini və muzey binasının Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunduğunu da nəzərə çatdırmışdır.

Ali qonaq 300 mindən çox eksponatı olan muzeydə xalqımızın bir çox görkəmli şəxsiyyətlərinin təhsil almasına yardımçı olmuş Hacı Zeynalabdin Tağıyevin həyatı və fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, ona məxsus qiymətli əşyalarla tanış olmuş və buradakı məişət əşyaları və tarixi sənədlər onda zəngin təəssürat yaratmışdır.

Prezident Mixeil Saakaşvili muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

Muzeyin direktoru ali qonağa hədiyyələr təqdim etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.