XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
20 Fevral, 2015
Muzeydə Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilmiş “Xocalısız....” adlı Anım tədbiri keçiriləcək

xocaliFevralın 25-də Milli Azərbaycan Tarixi Muzeyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” tarixi muzeyi birlikdə Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilmiş “Xocalısız....” adlı Anım tədbiri keçirəcəklər.


Milli Azərbaycan Tarixi Muzeyinin Konfrans zalında keçiriləcək anım mərasiminə alimlər, muzey işçiləri, tədqiqatçılar, Azərbaycan Dövlət Dəniz Akademiyasının kursant və müəllimləri, Ombudsman təşkilatı nəzdində Azərbaycan Uşaq və Gənclərin sülh şəbəkəsinin üzvləri, KİV nümayəndələri dəvət olunublar.

Konfrans zalında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” tarixi muzeyi tərəfindən hazırlanmış roll-up stendlərində Xocalı faciəsini əyani olaraq nümayiş etdirən fotolar yerləşdirilmişdir.

Tədbirdə müvafiq videokadrlar, sənədli filmlərdən parçalar, slayd film nümayiş olunacaq.

Xocalı faciəsinin 23-ci ildönümünə həsr edilmiş tədbirdə MATM direktoru, akademik Nailə Vəlixanlı,  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” tarixi muzeyinin direktor müavini, Əməkdar mədəniyyət işçisi Gülnar Əliyeva tərəfindən bu qanlı tarixi faciəni əks etdirən məruzələr söylənəcək, soyqırım qurbanlarının başlarına gətirilən müsibətlərdən söhbət açılacaq, dünya ictimaiyyətinin erməni millətçilərinin törətdikləri cinayətlərə diqqəti cəlb etmək məqsədilə keçirilən tədbirlərdən danışılacaq.

Anım tədbirində Uşaq Teatrının “Günay” uşaq studiyası tərəfindən Azərbaycan Teatr xadimləri İttifaqının üzvü Larisa Tarusovanın bədii rəhbərliyi ilə “Cavab ver” bədii kompozisiyası ifa olunacaq. Bədii kompozisiyanın müəllifi Azərbaycan Yazıçılar İttifaqının üvzü Zərəngiz Mansurova tədbirdə iştirakı gözlənilir.

Başda direktor Gülşən Quliyevanın olmaqla M.Maqomayev adına 26 saylı uşaq musiqi məktəbinin şagirdləri Xocalı faciəsinə həsr olunmuş musiqi nömrələri ilə çıxış edəcəklər. Burada həmçinin “Sarı gəlin”, “Aman təklik əlindən”, “Sarı Bülbül” xalq mahnıları, İ.S. Baxın “Ariya”sı, E.Mansurovun “Melodiya” və Lovlandın “Secret Garden” əsərləri ifa olunacaq.

Tədbirin sonunda iştirakçılara Ombudsman - İnsan Hüquqları üzrə müvəkkillin Xocalı faciəsi ilə bağlı bəyanatı, elecə də “İrs” beynəlxalq jurnalının müvafiq nömrələri paylanacaq.

xocali23